Kəndlərdə vəziyyət heç yaxşı deyil, insanlar ən adi ehtiyacları ödəyə bilmirlər

Kəndlərdə vəziyyət heç yaxşı deyil, insanlar ən adi ehtiyacları ödəyə bilmirlər
 

Bir parça çörək üçün bölgədən paytaxta üz tutan tanışlar, yaxınlar zaman keçdikcə daha yaxşı həyat şəraiti ilə qarşılaşdılar. Əlbəttə, kirayədə qalanlar hələ də çoxdu. Amma yeməyə çörək tapırlar. Kəndlərdə vəziyyət heç yaxşı deyil. İnsanlar ən adi ehtiyacları ödəyə bilmirlər.
Bölgələrdən gələnlər bizi qıcıqlandırır. Biz onları belə görmək istəmirik. Biz kənd adamlarının saflığından, kənd məhsullarının ekoloji cəhətdən təmizliyindən danışmağı çox sevirik. Gedək kəndə, kimsə qapını üzümüzə gülərüz açsın. “Ayy, necə də xoşbəxtdilər!” – təxminən belə reaksiya veririk. Ardınca da bu düşüncə: “Şəhərdə hələlik məni saxlayan şeylər var. Bir az keçsin, köçəcəm kəndə. Bu tərəfdə pomidor-xiyar əkəcəm...”
İnsanların gerçək həyatında nə baş verdiyini bilmirik. Onlar da öz dədə-baba yurdunu tərk eləmək istəmir. Amma oralarda çörək yoxdu. Kəndlərdə ciddi susuzluq problemi var. Örüş yerləri ələ keçirilib. Heyvanlara, toyuq-cücəyə xəstəlik düşəndə çarəsiz qalırlar. Təhsilin təkcə adı var. Kəndlərdə gənc müəllimlər üç ili başa vuran kimi paytaxta ipotekaya ev götürmək üçün üz tuturlar. Necə deyərlər, heç kim qırçı olmaq istəmir...
Qızımla Avropaya ardıcıl iki səfər zamanı İsveçrənin, Almaniyanın kəndlərində dostların qonağı olduq. Kənddə hər şey var. İnsanlar şəhər adamının əldə elədiyi, hətta bəzən əldə eləyə bilmədiyi rahatlıqla yaşayırlar. Həyətdə bahalı avtomobillər gözə dəyir. Mənim tez-tez yolum düşən bizim ucqar kəndlərdə isə gənc qadının hamilə olduğunu öyrənəndə onu aran yerlərə qohumgilə göndərirlər ki, ağırlaşdıqca aşağı düşməyi çətin olacaq...
Mən insanları daim qınamağın yox, başa düşməyin tərəfdarıyam. Ola bilər ki, şəhərdə yolu düz keçmirlər, növbəyə dayanmırlar. Onları öyrədən yoxdu. Çünki ölkədə heç bir institut işləmir. Ümumilikdə məqsəd insanlara xoş gün bəxş eləmək deyil. Bir gün hər şey gözəl olsa, onlar da səhərlər gözünü doğma yerlərdə açacaq...

Müəllif: Coşqun Eldaroğlu 

Paralel.az 

0.039403915405273