Oğluma öyüd 

Oğluma öyüd 
 

Doğru yolu bilər müdrik böyüklər,
Cavanları, nadanları öyüdlər.
El yükünü daşısa da igidlər,
Xalqı haqqa bilgə xaqan aparır.

Hər bir işi tutmaq gərək çəmindən,
Çırmalanıb etmək gərək dəmində.
Gec əkilən tum çürüyür zəmində,
Qurd-quş yeyir, qarğa, siçan aparır.

Pənahımız uya, birlik, sevgidir, …uya – ailə.
Təklik yalnız Yaradana özgüdür. … özgü – məxsus.
Yalqız insan bu dünyadan tez gedir,
Mal-mülkünü yetən-keçən aparır.

Təmkinin də, qaçmağın da dəmi var,
Tələsən də, gecikən də uduzar.
Hey pusquda -- ölüm-itim, dərd-azar,
Kimsə bilməz kimi haçan aparır.

Buz dağının suda ucu görünür,
Bəlanın da altı gizli sürünür.
Hər varlığın əsli sirrə bürünür,
İncə bulud müdhiş tufan aparır.

Min illərin yaşam tərzi yasadır,
Hamını o adət, yasa yaşadır.
Yasaları pozanı tez daş edir
Zalım ölüm, yazıq, nalan aparır.

Ata-ana balaların xanıdır,
Sağlam bala öyüdünə qanıdır.
Böyügünə asi olan canidir,
Arxasınca söyüş, hüsran aparır.

1.uya – ailə. 2. özgü – məxsus. 3.hüsran – ziyan, uğursuzluq, nakamlıq.

Müəllif: Tələt Mərdi Həqq 

Paralel.az 

 

0.034888029098511