“TikTok”dan pul qazanmaq mümkün olacaq? - ŞƏRH

“TikTok”dan pul qazanmaq mümkün olacaq? - ŞƏRH
 

Çinin “ByteDance” şirkətinin onlayn video paylaşma platforması “TikTok”un istifadəçilərinin sayı son illər sürətlə artır. “TikTok” ölkəmizdə də kifayət qədər maraq görür və bu platformada məzmun yaradan, başqa sözlə desək, “tiktoker”lər də az deyil.

“TikTok” bir sıra ölkələrdə məzmun yaradan aktiv istifadəçilərinə ödənişlər etsə də, bu sistem Azərbaycanda hələ ki aktiv deyil. 

Platforma “Creator Fund” adlı fondu vasitəsilə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və İspaniyadakı istifadəçilərinə müəyyən şərtlərlə ödəniş edir. Həmin şərtlərə yaşın 18-dən çox olması, yuxarıda sadalanan ölkələrin birində rezidentlik, minimum 10 min həqiqi izləyici, son 30 gündə ən azı 100 min orijinal video baxışı və s. daxildir. 

Ödənişlərin isə hər min baxış üçün 0,02-0,04 dollar aralığında olduğu deyilir.

Dünən iqtisadiyyat naziri Mikayıl Cabbarovun Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşü və əməkdaşlıq imkanları müzakirə etməsi, əlaqələrin genişlənməsi ilə bağlı müsbət siqnallar verir. Eləcə də gələcəkdə Azərbaycanda da ödəniş sisteminin tətbiqi ilə bağlı suallar doğurur.

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, görüşdə sözügedən məsələlər müzakirə edilmiş ola bilər. Lakin bu, asanlıqla həll oluna biləcək məsələ deyil:

“Güman olunur ki, Azərbaycan tərəfinin “TikTok”un yerli nümayəndəliyinin formalaşması və onların ölkə ərazisində vergi ödəyicisinə çevrilməsi ilə bağlı tələbləri olacaq. Şirkət bu tələbləri yerinə yetirərək Azərbaycan seqmentindən qazandığı vəsaitdən vergi ödəməyi qəbul edəcəksə, bu zaman platformadan gəlir götürmə funksiyası aktiv edilə bilər”.

Könül
Ölkə.Az

 

 

0.014486074447632