Alçaq görmüşdüm, belə zırpısını yox...
"Baş direktor" yazılmış otaqdan yoğun, rəngi boğuq, qəbih bir kişi çıxdı. İri addımlarla mənə yaxınlaşdı və təəccübləndiyimi görüb dərhal isinişməyə çalışdı: - Mən sizi tanıyıram, başımızın tacısınız, həmişə qulluğunuzda hazıram, özüm Sumqayıt Universitetinin professoruyam. Eşitdim, dövlət kitab çapı üçün Dilçilik İnstitutuna, ümumən akademiyaya xeyli pul ayırıb, o pul da qalıb başına, ona görə də, Nadir müəllim (Dilçilik İnstitutunun direktoru) çap etməyə kitab axtarır, mən də tələbələrin kurs işlərindən bir kitab düzəldib verdim. Onsuz da içinə baxan yoxdur, elə dostlardan formal rəy alırsan, vəssalam. Yeri gəlmişkən, bir şey soruşum sizdən, hörmətli professor! Deyirəm, bu İsa müəllimi niyə akademiyaya prezident qoyublar? Başlarına adam qəhətdir? Vallah, nə danışır, başa da düşmək olmur.. Beləsindən akademiyaya prezident olar?!..
Hadisələr Dilçilik İnstitutu ilə Ədəbiyyat İnstitutunu birləşdirən dəhlizdə vaqe olurdu. Allahın işinə bax ki, bu anda İsa Həbibbəyli qəflətən dəhlizdə peyda oldu. Böyük cəmdəyi olan bu riyakar pulo-professor, Həbibbəyliyə tərəf çevrilib ikiqat əyildi, çaqqala çevrildi: İsa müəllim, Allah sizin kölgənizi bizim üzərimizdən əskik etməsin, siz bizim fəxrimiz, qürurumuzsunuz. Allah bizim ömrümüzdən kəsib sizin mübarək ömrünüzə calasın!
Bu qaramat əyildikcə İ.Həbibbəyli dikəlir, başı ilə razılıq işarəsi edir, liftə doğru irəliləyirdi...
Bəli, bu saxta professor mənə verdiyi sualın cavabını özü öz əməli ilə verdi. Sübut etdi ki, İsa Həbibbəyli belələrinin tələbatına cavab verən düzgün təyinat almış vəzifəlidir.
Müəllif: Professor İdris Abbasov
Paralel.az