Qazax rayonunun geri qaytarılmış “AŞAĞI ƏSKİPARA” kənd adının etimologiyası
Bu günlərdə Ermənistanla Azərbaycan arasında razılaşmaya əsasən 1990-cı ildə ermənilər tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının 4 kəndi:Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri geri qaytarılır.
Bu kəndlərdə 1990-cı ildən qanunsuz olaraq məskunlaşdırılmış erməni əhalisi Ermənistan dövlətinin bu qərarına etiraz edərək, İrəvan-Tiflis yolunu bağlamışlar.Bu görüntülər efir və digər vasitələrlə yayımlanmışdır.
Mən bu yayımlara baxarkən arxa planda kənddə qədim alban kilsəsinin olduğunu müşahidə etdim.Məhz bu alban kilsəsi Aşağı Əskipara kəndinin adının etimologiyasının öyrənilməsində açar rolunu oynadı.
Ta qədimdən Oğuz ellərində dini inanc yerləri olan pirlər vardır.Pirlərin əski forması ağac kuitu əsasında formalaşmışdır.Bu kulta qarağac, əncir, dağdağan, çinar və s. ağaclar daxil idi.Əslində bu ağacların müqəddəs hesab edilməsi təsadüfi olmamışdır.Bu ağaclar odda yanarkən onların kösövündən od qığılcımları çıxdığından onu od tarısının rəmzi hesab etmişlər.Əslində bu ağaclar yanarkən ondan çıxan qığılcımlar çox vaxt insanların gözünə sıçrayaraq onları kor etmişdir.Məhz bu səbəbdən də müqəddəs sayılan ağacları yandırmaq qadağan edilmişdir.Hətta qəbirüstü nişanalarda da qarağacdan istifadə olunmuşdur.Bu gün işğaldan azad olunmuş Ağdamın məhşur Qarağacı qəbirsanlığının adı da qarağac ağacının qədim inancının adından yaranmışdır.Orada ən qədim qəbirlərin baş tərəfində qarağac ağacından hazırlanmış nişanə olmuşdur.
Təsvirlə yozulan iki qardaş Sarıhacı və Qarahacı adı ilə Qarağacı qəbirsanlığının adı xalq etimologiyasıdır.
Zaman keçdikcə pirlər ağac kultundan daş kultuna keçmişdir.Buna səbəb təbiət hadisələri zamanı göydən yerə düşmüş qara daşları müqəddəs hesab edilərək, onları Göy Tanrısının insanlara göndərdiyi inancı kimi qəbul edilməsi idi.Onlar bu qara daşları da ziyarət edərək dini ayinləri orada icra etmişlər.Kəbədə olan müqəddəs Qara Daş da dünyəvi dini inancın atributudur.
Hələ islamdən əvvəl Roma imperiyasının xristianlıq dinini qəbul etməsindən sonra onun idarəsində olan Azərbaycan torpaqlarında da alban kilsələri tikilmiş və onlar müqəddəs yerlər hesab edilmişdir.Ziyarətlər və dini ayinlər bu daş tikililərdə icra edilmişdir.Ta qədimdən bu kilsələr daş kilsələr kimi adlanmışdır.Zəngin tayfa başçıları, sərkərdələrin, müqəddəs hesab olunan adamların qəbirüstü türbələri də daş tikili şəklində olmuşdur.
Qədim Oğuz tayfalarının dillərində “daş” sözü “bərk” sözü kimi də işlənmişdir.”Daşlaşmış” sözü türklərdə “birikmiş” kimi də işlənməkdədir.”Bir” sözünün “daş” sözü ilə semantikası qədim insan təxəyyülünün ibtidai formasının təzahürüdür.Məhz dilimizdə sinonim sözlərin zənginliyi, çoxsaylı türk tayfaların dilindəki olan sözlərin hesabınadır.
Araşdırmadan aydın olur ki, dilimizdə olan “pir” sözü də bəzi tayfaların dilində “daş” sözünün “bərk, birk, bir” və s. sözlərinin assimlatik formasıdır.Yəni “b” səsinin “p” səsi ilə əvəzlənməsindən “bir” sözü “pir” şəklini almışdır.
O ki qaldı Qazax rayonunu “Aşağı Əskipara” kəndinin adına, sözdəki “para” sözü də yerli xalqın dialektində “pir” sözünün deformatik şəklidir.
Həqiqətən də “əskipara” sözü “qədim pir” sözündən alınmadır.
Tarixi mənbələrdən məlumdur ki, qədim dini tikililər yerli əhalinin müqəddəs sandığı pir yerləşən yerlərdə tikilmişdir.
Qazaxın “Yuxarı Əskipara” kəndinin görüntüsünü görməsəm də inanıram ki, orada da qədim alban kilsəsi mövcuddur.Qismət olar oranı da görərik.(əminəm)
P.S.Əslində toponimik adlar həmin ərazidə yaşayan (və yaxud yaşamış) ərazinin vətəndaşlıq pasportudur.1969 cu ildə Uzaq Şərqdə Çin Xalq Respublikası ilə SSRİ arasında torpaq iddiası zəminində silahlı toqquşma olmuşdur.Çinlilər iddia edirdilər ki, bu torpaqlar onlara məxsusdur.SSRİ EA-nın Dilçilik İnstitutunun mütəxəssisləri çinlilərlə görüşü zamanı sübut
etdilər ki, həmin ərazilərin toponimik yer adları orada yaşayan türkköklü xalqların dilində olan sözlərdən yaranmadır.Bununla da bu hərbi münaqişəyə son qoyulmuşdur.
Erməni ideoloqları da əllərinə imkan keçən zaman arxivlərdə saxlanılmış xəritələri saxtalaşdırıb, erməni adları ilə adlandırırlar.Hətta 30 il əvvəl işğal etdiyi “Aşağı Əskipara” kəndinin adını da “Voskepar” qoymuşlar.
Baxmayaraq ki, “Toponimika” elmi coğrafiya elminin bir sahəsidir, onun öyrənilməsi əslində dilçilik elmindən keçir.Toponimik adlar xalqın dilinin mirasıdır.Adların mənasının dilçilər tərəfindən öyrənilməməsi səbəbindən tarixi yer adları yeni adlarla əvəzlənir.Qıraqdan azmış kimi, özümüzünkülər də tariximizi özümüzə yaddaşdırırlar...
Müəllif: Həsən Əliyev
Paralel.az