“Kabinet" əbləhi
(“Qısa hekayələr” silsiləsindən)
İşdən çıxarılandan sonra bir neçə gün özünə gələ bilmədi. Özünə heç yerdə rahatlıq tapa bilmirdi. Amma necə deyərlər, zaman bütün yaraları tədricən sağaldan bir həkimdir. O da yavaş-yavsş “sağalmağa” başladı...
...O, daha çox öz kabinetinin xiffətini çəkirdi. Təsəvvür edəndə ki, indi həmin kabinetdə bir başqası əyləşib, onun kreslosunda bir başqası yayxınıb fırlanır, köməkçisini bir başqası danlayır, katibəsi başqa başqa adama naz satır... onu soyuq tər basırdı.
Axır ki, bu qara-qura düşüncələrdən çıxış yolunu tapdı. Öz mənzilində keçmiş kabinetinin “kopiyasını” yaratmağa başladı. Əvvəlcə qapıdan başladı, böyük otağın böyük taxta qapısının üstünə qara meşin parça çəkdirdi. Sonra vaxtilə kabinetində olan mebellərdən alıb mənzilinə, daha doğrusu, yeni “kabinetinə” gətirtdi. Kabinetindəki telefon, şkaf, şəkillər, stol-stul, yazı dəsti və digər əşyaların “kopiyasını” müxtəlif mağazalardan əldə edib otağına topladı. Bu mebellərlə birgə sanki zaman da dəişirdi, özü də bu dəyişən zaman irəli yox, geri qayıdırdı və həmin dəyişən zamanla birgə o da vəzifəli keçmişinə qayıdırdı.
Qaldı təkcə katibə və sürücü. Qərara aldı ki, sürücülüyü özü eləsin. Katibə məsələsi üzərində xeyli baş sındırdı. Arvadı qocalmışdı, ondan katibə çıxmazdı. Günlərin bir günü şad xəbər eşitdi, sən demə, təzə rəis keçmiş katibəsini işdən çıxarıbmış. Köhnə idarənin rəhbəri işdən çıxandan sonra kimdir köhnə katibəni işdə saxlayan? Katibə işlədiyi yerin sirr dolu “seyfi” olmalıdır. Seyf demişkən, elə köhnə seyfinin əkiztayını da əldə edib “kabinetinə” qoydu.
Hə, katibəsinə ismarış göndərdi. Dedi ki, gəlib yeni işə başlaya bilər. “Katibə” geyinib-kecinib deyilən yerə gəldi. Görüşdülər. O, özünün köhnə və yeni katibəsini götürüb evə, “yeni” kabinetinə” gətirdi...
İki gündən sonra onun yaşlaşmış arvadı evi tərk edib getdi.
Az sonra katibəsi ilə evlənmək qərarına gəldi.
Deyirdilər, kişinin başına hava gəlib.
Firuz Mustafa
Paralel.az