On iki ölkə husilərə Qırmızı dənizdə gəmilərə hücumla bağlı xəbərdarlıq edib

On iki ölkə husilərə Qırmızı dənizdə gəmilərə hücumla bağlı xəbərdarlıq edib
 

ABŞ və daha 11 ölkə Yəmənin husi üsyançılarından Qırmızı dənizdə hərbi və ticarət gəmilərinə hücumu dayandırmaq tələbini irəli sürüb və bunun fəsadları barədə xəbərdarlıq edib.

Paralel.az bunu “İnterfaks”a istinadən xəbər verib.

"Biz qeyri-qanuni hücumlara dərhal son qoymağa və qanunsuz olaraq saxlanılan gəmilərin və ekipajların sərbəst buraxılmasına çağırırıq. Husilər insan həyatını, qlobal iqtisadiyyatı və regionun kritik su yolları boyunca sərbəst ticarət axınını təhdidinə davam etsələr, bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar", - ABŞ, Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Almaniya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya və Böyük Britaniyanın Ağ Evin internet saytında nəşr olunmuş birgə bəyanatında qeyd olunur.

“Pilotsuz uçuş aparatları, kiçik qayıqlar və raketlərdən istifadə etməklə, o cümlədən kommersiya xarakterli gəmilərə hücumlar gəmiçiliyin azadlığına birbaşa təhlükə yaradır”, - sənəddə əlavə edilir.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başlayıb.

Bu hadisələr Yaxın Şərqdə bir sıra qrupların İraq və Suriyada yerləşən ABŞ qüvvələrinə qarşı hücumları intensivləşdirib.

Yəmənin husi üsyançıları da öz növbəsində Qırmızı dənizdə gəmiləri atəşə tutmağa başlayıblar.

0.017261028289795