Yaponiya Çinin hərbi fəallığından narahatdır

Yaponiya Çinin hərbi fəallığından narahatdır
 

Yaponiya hakimiyyəti Çinin hərbi fəaliyyətindən, o cümlədən Pekin və Moskva arasında bu sahədə əməkdaşlığından ciddi narahatdır.

Bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Cənubi Koreyanın Busan şəhərində çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı deyib.

“Nazir Şərqi Çin dənizindəki, o cümlədən mübahisəli Senkaku adaları ilə bağlı vəziyyətdən, habelə Çinin Yaponiya yaxınlığında, o cümlədən Rusiya ilə əməkdaşlıq çərçivəsində hərbi fəaliyyətinin intensivləşməsindən ciddi narahatlığını ifadə edib”, - Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Digər müzakirə mövzusu KXDR ətrafında vəziyyət, o cümlədən Yaponiya vətəndaşlarının oğurlanması problemi olub.

Bundan əlavə, Y.Kamikava Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğulayıb və casusluqda şübhəli bilinərək saxlanılan Yaponiya vətəndaşlarının tezliklə azad edilməsini qətiyyətlə istəyib.

Tərəflər müvafiq sahədə əməkdaşlığı gücləndirmək üçün təhlükəsizlik məsələləri üzrə Yaponiya-Çin dialoqunu mümkün qədər tez keçirməyə razılaşıblar.

Nazir Çin tərəfini zədələnmiş “Fukusima-1” AES-dən suyun Sakit okeana axıdılması ilə əlaqədar Yaponiyadan ərzaq idxalına qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırıb.

 

0.025958061218262