Bu gün iki iqtisadçı dostumuzun doğum günüdür... -Professor Cəmil Həsənli

Bu gün iki iqtisadçı dostumuzun doğum günüdür... -Professor Cəmil Həsənli
 

Tarix elmləri doktoru Cəmil Həsənli yazır:

Bu gün iki iqtisadçı dostumuzun doğum günüdür. Nemət bəyin və Məmməd bəy Talıblının. Onlar yalnız iqtisadçı deyillər, həm də gözəl ziyalıdırlar. Vətəndaşlıq mövqeyində dayanan, cəmiyyətin ağrısını ifadə edən ziyalı.

Nemət bəyi çoxdan tanıyıram. O, xalq hərakatının fəal iştirakçısı olub. Öz biliyi, istedadı, sadəliyi, intellektual potensialı ilə cəmiyyətə örnək olan bir ziyalıdır Nemət bəy. Dəfələrlə seçici səsini, rəğbətini qazansa da, onu parlamentə buraxmayıblar. Yerində başqaları oturub. Hökumət əvəzində beynəlxalq məhkəmənin qərarı ilə ona kompensasiya ödəməli olub. Mandatını oğurlayıb əvəzində cərimə ödəyiblər. Nemət bəy alicənab, mütəvazi, öz haqqına talib olan ziyalıdır. Ölkə əhalisinin iqtisadi maariflənməsində Nemət bəyin müstəsna xidmətləri var. Mən iqtisadi mövzuda bir şey yazmaq istəyəndə Nemət bəylə məsləhətləşmələrə mənəvi bir ehtiyac duyuram. Nemət bəy şəxsiyyətindən qürur duyulacaq bir ziyalıdır.

Bu gün Məmməd bəyin 50 yaşı tamam olur. Amma o, yaşından daha müdrikdir. İki il əvvəl onun “Elm-Kitab-Müəllim üçbucağı” adlı çox maraqlı kitabı nəşr olundu. O, peşə etibarı ilə iqtisadçı olsa da, bu kitab cəmiyyətin qayğılarından, ehtiyacından yaranıb. Kitabın bazarının öldürüldüyü bir vaxtda Məmməd bəy elmə, müasir inkişafa gedən yolun kitabdan keçdiyinin maraqlı, maraqlı olduğu qədər də səmimi bir mənzərəsini yaradıb. Sadə və intellektuallığın vəhdətində, vətəndaş qayğısı, alim təcrübəsinin bir az da fəlsəfi təqdimatıdır müəllimlə elmin arasında körpü olan kitab.

Məmməd bəy kitab əhlidir. Yaxşı xatırlayıram təxminən 10 il əvvəl Məmməd bəyin “İqtisadiyyatda insan dəyəri” kitabı nəşr olunmuşdu. Daha çox biznesə, bazara, maliyəyə hədəflənən iqtisadiyyətda insanın dəyərini ictimai müzakirəyə gətirməsi, şübhəsiz ki, onun mühüm uğuru idi. Ötən il Məmməd Talıblının “İqtisadi vektor və strateji seçim” adlı kitabı nəşr olundu. Publisistika janrında yazılan bu kitab əhalinin iqtisadi təfəkkürünün formalaşmasında, iqtisadi təsəvvürlərinin genişlənməsində mühüm əhəmiyyətə malikdir. Bu səmərəli fəaliyyətində Məmməd bəyə uğurlar arzu edirik.

Hər iki dostumuzu ad günləri münasibətilə təbrik edirik. Onların hər ikisi Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunur. Ölkənin mənəvi yükü yaltaqlıq yarışına çıxan “ziyalı” sürüsünün deyil, Nemət bəy kimi, Məmməd bəy kimi cəmiyyətə nümunə verən, vətəndaşlıq mövqeyi ilə seçilən, xalqın ağrısını ifadə edən ziyalıların, alimlərin, müəllimlərin çiynindədir.

"Paralel.az"

0.031983137130737