Şəhidin cibindən tapılan güllələnmiş qəpiklər - Pərviz Yəhyalı 

 Şəhidin cibindən tapılan güllələnmiş qəpiklər - Pərviz Yəhyalı 
 

Bu günlər vikipediyada şəhidlərimizlə bağlı məlumatların silinməsi ölkə ictimaiyyətinin haqlı etirazına səbəb oldu. Düzü bu məsələnin mahiyyəti mənə hələ də qaranlıq qalsa da, bildiyim bir həqiqət var ki, vətən azadlığı uğrunda canından keçən hər bir şəhid soydaşımızın öz qanı ilə yazdığı qəhrəmanlıq heç vaxt unudulmayacaq. Zaman keçsə də, nəsillər dəyişsə də şəhidlərimiz yaddaşlarımızda daim yaşayacaq.
Keçən il bu günkü gün şəhidlərimizin üçü haqqında yazdığım bu kiçik təəsüratı yenidən bölüşməklə onların ruhu qarşısında baş əyirəm.
Ehtiramla, hörmətlə, sayğılarla!

Yüzlərlə ürək dağlayan ehizoddan üç nümunə
21 sentyabr saat 16.00. Ağdaş rayonu Qarağan Şıxlar kəndi. Ağdaş ictimayyəti qonşu rayonlardan gəlmiş insanlar, kənd camaatı şəhid Süleyman Mehdiyevin nəşini qarşılamaq üçün yığışıblar. iki, üç-üç xısın-xısın söhbət edənlər şəhidin beş yaşlı balası olduğunu, dünyaya gələcək körpəsinin heç vaxt ata üzünü görməyəcəyini ürək ağrısı ilə danışırlar. Hava da elə tutulub qaş-qabaq sallayıb ki, elə bil bu saat göylər qopub yerə düşəcək. Üz-gözlərindən fağırlıq yağan, əyinlərindəki nimdaş paltarları, ayaqlarında qaloş olan 20-25 yaşlı kənd cavanlarının danışdıqlarını eşidincə ayaqlarımın altından yer qaçır. Müvazinətimi güclə saxlayıram. Bu gənclər Gəncədən yola düşmüş şəhid tabutunu bayraqlarla qarşılamaq üçün ciblərindəki bir-iki manatı toplayıb benzin pulu düzəldirlər. İlahi, onların baxışlarını təsvir etməyə söz tapıb yazmağı belə bacarmıram. Kədərlə, əlacsızlıqla cömərdliyin vəhdətini görüncə ürəyimin döyüntüləri ritmini qeyri-adi formaya salır. Sanki özümü hiss etmirəm. Qəhər boğazımı sıxıb, nəfəs almağımı çətinləşdirir. Çox çətinliklə cibimdən çıxarıb verdiyim 5- 10 manatı götürmələrini razı sala bilirəm. Həyətdən eşidilən qız-gəlinin fəryadı tüklərimi ürpərdir. Səssiz, gözlərindən yaş çıxmadan ağlayan yüzlərlə cavan, yaşlı kişilərin əhatəsində yıxılmayım deyə əlimi çinar ağacına sıxıram. Üff! düşünəndə ki Süleyman uşaqlıqdan kölgəsində oturduğu, oynadığı bu çinarı bir də görməyəcək, xəyalım məni onun heç vaxt görmədiyim uşaqlığına çəkib aparır.

22 sentyabr saat 14:30 - Yardımlıdan olan şəhid Nəcməddin Quliyevin son sözlərini oxuyuram. “Xahiş edirəm, 11 min manatı məktəb yolunun asfaltlanmasına versinlər” Şəhid həyatla vidalaşdığı son anda ailəsinə veriləcək pulu kəndlərindəki məktəb yoluna vəsi edir. Bu artıq qəhrəmanlıq, fədakarlıq deyil, nə isə başqa daha uca məqamdı.

22 setyabr saat 15.40. Şəhidin cibindən tapılmış güllələnmiş qəpiklər. Üç ədəd iyirmi qəpiklik. Ağılma ilk gələn bəlkə də əsgər bu qəpikləri hərbi hissədə kiminsə telefon hesabına verib, istəklisinə iki cümləlik ismarıc yazacaqmış.

0.038640022277832