Çinin Ukrayna müharibəsinə dair üç tələbi – Həm “ərazi bütövlüyü” deyir, həm də təcavüzə haqq qazandırır
"Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. BMT Nizamnaməsinin məqsəd və prinsipləri qorunmalıdır. Bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməlidir və bu böhranın həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləmək vacibdir".
Paralel.az xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Van İ BMT Təhlükəsizlik Şurasının iclasında deyib. Beləliklə, guya ərazi bütövlüyü və suverenliyə hörmət edən Çin, digər yandan da “bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməlidir” tezisi ilə Rusiyanın müharibəsinə haqq qazandırmış olub.
Bununla yanaşı, Çin təkid edir ki, Ukrayna və Rusiya dərhal atəşi dayandırsınlar və danışıqlar masasına otursunlar. Van İ həm də deyib ki, Çin anti-Rusiya sanksiyalarına qarşıdır.
O, çıxışında Rusiyanın genişmiqyaslı təcavüzünü “Ukrayna böhranı” adlandırıb və dinc əhalinin əziyyət çəkdiyini qeyd edib.
XİN başçısı deyib ki, münaqişə zonasının genişlənməsinin qarşısını almaq üçün ilk növbədə döyüşləri dayandırmaq lazımdır. Van İ xüsusilə nüvə silahından istifadənin, atom elektrik stansiyalarına və ümumilikdə mülki infrastruktura hücumların yolverilməzliyini vurğulayıb. O, həmçinin müharibə edən ölkələrə silah tədarükünü tənqid edib. Baxmayaraq ki, Rusiya məhz Çinin köməyilə öz hərbi sənayesini ayaq üstə saxlamaqdadır…
İkincisi, Çin nümayəndəsi təcili dialoq və danışıqlara ehtiyac olduğunu qeyd edib.
Üçüncüsü, Çin Xarici İşlər Nazirliyinin rəhbəri “böhranın dünya iqtisadiyyatına sıçramasına yol verilməməli” olduğunu deyib. O, bunun üçün xüsusilə də sanksiyalardan çəkinməyə çağırıb.