Türkiyənin seçki qutularında "gizlənmiş" taleyi: Türk Dünyası tarixi sınaq qarşısındadır

Türkiyənin seçki qutularında "gizlənmiş" taleyi: Türk Dünyası tarixi sınaq qarşısındadır
 

Seçki qutularından çıxacaq nəticə Türkiyənin yaxın tarixini müəyyən edəcək və bütün dünyada cərəyan edən hərbi-siyasi proseslərə birbaşa təsir göstərəcək... Ümid edək ki, seçkilərdən Türkiyə, Türk dünyası və Azərbaycan üçün xeyli-uğurlu nəticələr çıxacaq, dünyada yenicə başlamış Türk dövrünün davam etməsi mümkün olacaq...
Türkiyə taleyüklü gün yaşayır. Tarixi seçki Türkiyənin hansı istiqamətə yön alacağını birmənalı şəkildə müəyyən edəcək. Ona görə də, bütün dünyanın diqqəti məhz Türkiyənin üzərində cəmləşib. Və indi hər kəs böyük həyəcanla Türkiyədə keçirilən prezident seçkilərinin yekun nəticələrinin açıqlanmasını gözləyir.

Təbii ki, ABŞ və Qərb də Türkiyə seçkilərində kimin qalib gələcəyinə böyük əhəmiyyət verir. Hətta Qərb siyasi dairələri və mətbuatı Türkiyə seçkilərinə müxtəlif vasitələrlə müdaxilə etməyə də çalışırlar. Açıq mətnlə prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən kənarlaşdırılmasında maraqlı olduqlarını vurğulayırlar. Müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğluna dəstək verdiklərini qabardırlar.

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən kənarlaşdırılması ABŞ və Qərbin uzun müddətdən bəri reallaşdırmağa çalışdığı hədəfdir. ABŞ və Qərbin fəal dəstəyi ilə iki dəfə Türkiyədə dövlət çevrilişinə cəhd də göstərilib. Ancaq prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni ABŞ və Qərbin bu kobud müdaxiləsindən qorumağı bacarıb. Və indi Türkiyə Qərbin növbəti müdaxilə cəhdləri ilə qarşı-qarşıya qalıb.

67c8a581-f170-4a00-b0a8-6ce8abcfc1699.jpg (199 KB)

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli maraqlarını hər şeydən üstün tutaraq, müstəqil xarici siyasət yürütməklə, ABŞ və Qərbin qəzəbinə tuş gəlib. Bəzi mülahizələrə görə, əgər, prezident Rəcəb Tayyib Ərdoğan bu tarixi seçkilərdə də qalib gələrsə, Türkiyə dünya siyasətinin əsas bir neçə supergüc mərkəzi sırasında yer ala bilər. Ona görə də, bunu yolverilməz hesab edən ABŞ və Qərb Türkiyədə mövcud hakimiyyəti dəyişmək üçün bütün resurslarını işə salıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi yalnız Türkiyə üçün deyil, ümumiyyətlə, bütün Türk Dünyasının gələcək taleyi baxımından da böyük əhəmiyyət daşıyır. Prezident Rəcəb Tayyib Ərdoğan son illərdə Türk Dünyasını birləşdirib, yeni beynəlxalq güc mərkəzinə çevirməyə də nail olub. Və onun başladığı bu önəmli prosesin yaxın gələcəkdə də eyni intensivliklə davam etməsi böyük əhəmiyyət daşıyır.

Türkiyədə səs verəcək 65 milyona yaxın seçicilər arasında prezident Rəcəb Tayyib Ərdoğana dəstək göstərəcək sosial-siyasi təbəqələr də məlumdur. Birincisi, prezident Rəcəb Tayyib Ərdoğan öz siyasi rəqibi ilə müqayisədə çox təcrübəli və xarizmatik liderdir. O, hakimiyyətdə olduğu 20 il ərzində Türkiyəni ABŞ və Qərbin təlimatlarına riayət edən dövlətdən inkişaf etmiş, yeni beynəlxalq güc mərkəzinə çevrilmiş ölkə statusuna çatdırıb.

565c770aa8213eeefb211395ef6f9c1e.jpg (241 KB)

ABŞ və Qərbin dəstəklədiyi K.Kılıcdaroğludan fərqli olaraq, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə böyük sosial bazaya malik olan dindar vətəndaşların da səslərinə iddialıdır. Türkiyə cümhuriyyətində ABŞ və Qərbin əleyhinə olan seçici təbəqələri də mövcuddur. Onların da Rəcəb Tayyib Ərdoğana səs verəcəyi gözlənilir. Eyni zamanda, kənd bölgələrinin seçiciləri də mövcud prezidenti dəstəkləyir.

Bütün bunlar onu göstərir ki, prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdən qalib çıxmaq şansları var. Ancaq bu seçkilər tarixi əhəmiyyət daşımaqla yanaşı, fors-major situasiyanın da təsiri altında keçirilir. Hər halda, Türkiyənin 11 vilayətində baş vermiş dağıdıcı zəlzələnin sosial təsirləri nəzərə alınmalıdır. Və bu baxımdan, prezident Rəcəb Tayyib Ərdoğanın hazırda kifayət qədər ağır siyasi situasiya ilə üzləşdiyi qətiyyən şübhə doğurmur.

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, prezident Rəcəb Tayyib Ərdoğan öz 20 illik dövlət başçısı karyerası ərzində ilk dəfə hakimiyyəti itirmək təhlükəsini real şəkildə hiss edir. Üstəlik, ABŞ və Qərb ona qarşı müxtəlif ideoloji mövqeyə malik siyasi qüvvələri bu dəfə birləşməyi bacarıb. Və bu önəmli məqam da prezident seçkilərinin yekun nəticələrinə ciddi şəkildə təsir göstərə bilər.

6a795ec3-fc59-4257-8d33-f21dec4f0d48.jpg (253 KB)

Azərbaycanda da Türkiyədəki seçkilər böyük həyəcanla izlənilir. Bunun kifayət qədər ciddi səbəbləri var. Həmin səbəblərin yalnız birini xatırlatmaqla, Azərbaycan üçün bu seçkilərin əhəmiyyətini ifadə etmək olar. Vaxtilə Türkiyə Azərbaycana ermənilərin mühasirəsində olan mülki əhalinin çıxarılması üçün helikopter verə bilməmişdi. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında olan Türkiyə isə ikinci Qarabağ savaşında Azərbaycana əvəzsiz hərbi-siyasi dəstək verməklə, tarixi zəfərdə xüsusi rol oynamışdı.

Bütün bunlar prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini qorumasının Azərbaycan, eləcə də, bütün Türk Dünyası üçün nə qədər strateji əhəmiyyət daşıdığını göstərir. K.Kılıcdaroğlunun seçki qələbəsi isə Türkiyəni yenidən ABŞ və Qərbin orbitinə qaytara bilər. Son 20 ildə vərdiş və təqdir etdiyimiz Türkiyənin yenidən qaranlıq keçmişə qaytarılma təhlükəsi mövcuddur.

Ona görə də, hazırda Türkiyə seçiciləri yalnız ölkəyə prezident seçmir. Türkiyə vətəndaşları həm də ölkənin gələcək taleyini müəyyən edir. Belə ki, seçki qutularında Türkiyənin inkişaf istiqamətlərinin mümkün perspektivləri gizlənib. Həmin qutulardan çıxacaq nəticə Türkiyənin yaxın tarixinə və bütün dünyada cərəyan edən hərbi-siyasi proseslərə birbaşa təsir göstərəcək. Ümid edək ki, seçki qutularından Türkiyə, Türk dünyası və Azərbaycan üçün xeyli-uğurlu nəticələr çıxacaq, dünyada yenicə başlamış Türk dövrünün davam etməsi mümkün olacaq.

0.016845941543579