50 YAŞIN HESABATI... - Məmməd Talıblı

50 YAŞIN HESABATI... - Məmməd Talıblı
 

Bir əsrin düz ekvatoruna çatdıq... Özümü yetirdim demirəm, çünki belə yaşamaq üçün özümü hansısa yaş həndəvərinə yetirmək arzum olmayıb. Yetirdim də bir məcburiyyət əlaməti var. Amma mən özüm şüurlu olaraq belə həyat yolu seçdim. Belə seçimimdən çox məmnunam.

İnsan özünü harasa çatdırmaq, hansısa nöqtəyə çanatması üçün ona verilən həyatından keçmir. Bəzi şeylərdən keçir ki, həyatını rahat yaşasın. Rahat olması üçün yox, məhz vicdan rahatlığı ilə yaşaya bilməsi üçün...

Yaşamaq istədiyim ölkə həyatını tamam başqa cür təsəvvür edirdim. Təsəvvür və gerçəklik arasındakı fərqlər çox oldu. Belə yazmaqla pessimizm yaratmıram və naşükürlük də etmirəm. Gözləntilərimi yazan zaman şəxsi həyatımdan narazlığımı qətiyyən nəzərdə tutmuram. Şəxsi həyatım şəxsimə aiddir. Amma orada da əsasən hər şey qaydasındadır.

Tam arzu etdiyim övladlarım var. Öz zəhmətimlə əldə etdiyim halal gəlir (müəllim maaşı, araşdırma qonorarı) hesabına orta yaşayışa malikəm. İstiqanlı qohumlarım və sadiq dostlarım var. Sayğılı əqidə yoldaşlarım var. Dünyagörüşlü həmkarlarım var. Sosial çevrəm əsasən məni məmnun edir. Valideynlərimin hər ikisi yaşayır və onların borclarından çıxmağa davamlı cəhdlər edirəm. Niyə “cəhd” deyirəm? Çünki valideynlərin borcları qaytarıla bilmir, uzaqbaşı ona cəhdlər edilə bilər. Yaşadığım həyatda xəstəlik-filan da hələlik yaxın gəlmir. Bu qədər qısa və sadə...

Mən hansı ölkə şərtlərin arzu edirdim? Hansı toplumda yaşamaq istəyirdim? Necə bir cəmiyyətin qurulması üçün çalışırdım? Suallar çoxdur...

Mən Azərbaycan cəmiyyətini ləyaqəti ucalarda tutan cəmiyyət kimi təsəvvür edirdim. Hər bir insanın istedadını ifadə etmək azadlığının olduğu cəmiyyət kimi arzu edirdim. Rifah cəmiyyəti, demokratik təsisatlar, insan hüquq və azadlıqları kimi dəyərlərin hakim olacağı cəmiyyətin uğrunda çalışmağımıza rəğmən, bunların heç birini görə bilmədiyim cəmiyyətdə yaşayırıq. Amma tam daxili inamımla deyirəm ki, belə cəmiyyəti mütləq və mütləq quracağıq.

O zaman mənim neçə yaşımın olub-olmaması önəmli olmayacaq. Amma miras qoyub getdiyimiz rifah dolu və demokratik cəmiyyətdə hamı öz istedadı ilə layiq olduğu zirvəyə gələ biləcəklər. İnsanlar qadir olduqlarına layiq olacaqlar. Bizim əsas missiyamız budur.

Bu yaşa qədər müəyyən etdiyim ən mühüm kredoma arxa çevirmədim. Soljenitsinin “yalansız yaşamaq” düşüncəsini unutmadım. Üzərimdə doğrularla yaşamaq monitorinqini edərək əlində lupa ilə gəzən insanı xəyalı olaraq başımın üstündə hər zaman hiss etdim. Karyeraları üçün yalan danışanlarla da yol getmək bir yana, onlarla yoldaşlığı da uyğun bilmədim. Başqalarının yalanlarının bir hissəsi olmaq şəxsiyyətimin əzilməsi saydım. Yalansız yaşamaq əsas devzim saydım. Başqalarının yalanlarının bir hissə olmadım. Özümün doğrularımın böyüyü olmaq istədim.

Sayı-hesabı bilinməyən xoş sözlər, ölkədən, xaricdən, bölgələrimizdən, okeanın o biri tərəfindən gələn ismarıclar, minlərlə yazılan təbriklər, zənglər... Bunlar sadəcə etika xatirinə yazılan təbriklər deyil. Mən bunların fərqindəyəm. Hər birinizə ayrı-ayrılıqda təşəkkür borcum var. Bizi güclü edən daxili həmrəylik, sosial harmoniyadır. Bunları insan həyatından çıxsaq, yerdə merkantilist maraqlar qalar. Bu isə ruhsuz varlıq deməkdir. Bizi ruhsuz varlıq olmağa qoymayan çevrəmizə minnətdaram. Sizlərə təşəkkür edirəm. Nə yaxşı ki, varsınız.

"Paralel.az"

 

0.014400005340576