Nə olar, bağışla!

Nə olar, bağışla!
 

Anamla sözüm çəp gəldi, üstünə qışqırıb evdən çıxdım. Amma yol boyu düşünürdüm, görəsən, anam ağlamadı ki? Özümü söyə-söyə dayanacağa çatdım. Avtobusa mindim.

Avtobusu vəhşi kimi sürən sürücüdən tutmuş, sərnişinlərə "tələsin, gecikirik" deyə qışqıran pul yığana kimi susdum.

İşə çatana kimi dörd-beş qaqaş yaxınlaşdı, siqaret istədi, verdim, pul istədi, verdim. Susdum.

Qızlara sataşan, söz atan, arxasınca düşən gədələri gördüm, susdum.

İşə çatdım. Mənə iki fəhlənin işini gördürüb 250 manat maaş verən müdirin gəlib üstümə qışqırmağına susdum.

İşdən çıxmağıma az qalmışdı. Zəng gəldi ki, işıq da, qaz da kəsilib. Evə çatdım. İşıq idarəsinə zəng vurdum, dedilər təmir gedir. Qaz idarəsinə zəng vurdum, dedilər müvəqqətidir. Susdum.

Evə gələndə metronun başında 50 qəpiyə limon satan bibini polislər qovdu oradan. Baxdım, baxdım, susdum.

Evə gəldim. Anam səssiz-səmirsiz süfrəni hazırladı. Yeməyimi yedim. Qalxdım, anamın yanına gəlib dedim ki, qurban olum, bağışla, duxum çatmır küçədə, işdə, orda-burda kiməsə səsimi qaldırmağa, sözümü deməyə, haqqımı tələb etməyə. Gücüm sənə çatır. Sən məni nə işdən çıxaracaqsan, nə tutub polisə aparacaqsan, nə şərləyib iş verəcəksən, nə də üstümə adam gətirib döydürəcəksən. Nə olar, bağışla!

Mənbə: © Eminquey Akif
Arxiv

0.018205881118774