Birdəfəlik ödənişlər bitdi

Birdəfəlik ödənişlər bitdi
 


İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, digər müvafiq şəxslərə birdəfəlik maddi yardımlar
ödənildi

Prezident İlham Əliyevin 26 aprel 2023-cü il tarixli Sərəncamının icrası olaraq Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1941–1945-ci illər İkinci Dünya müharibəsi
iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımın
ödənişi başa çatıb.

İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin
müharibənin iştirakçısı olmuş 51 nəfərin hər birinə 1500 manat, İkinci Dünya müharibəsində
həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa
cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya
müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların
əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin
müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad
şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3487 nəfərin hər birinə isə 750 manat
məbləğində birdəfəlik yardım verilib.

Bununla da ödənişlər ümumilikdə 3538 şəxsi əhatə edib. Birdəfəlik ödəmə onların
bank hesablarına köçürülüb. Birdəfəlik maddi yardımların verilməsi üçün dövlət başçısının
Sərəncamı ilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş
Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

Şahnaz, "Paralel.az"

0.013651847839355