Yaşamaq istəmirəm - Çağır məni yanına

Yaşamaq istəmirəm - Çağır məni yanına
 

Yazıçı - jurnalist Fərhad Əsgərov yazır...

Atam Ramiz Əli oğlu Əsgərov 1999-cu ilin aprel ayında hələ 65 yaşı tamam olmamış dünyasını dəyişib. Allah rəhmət eləsin! İldə bir neçə dəfə qəbrini ziyarət edirəm. Ona rəhmət diləyirəm. Amma bir neçə gün bundan əvvəl “atamla görüş” tamam başqa cür oldu. Nə az-nə çox, düz 5 saat qəbiristanlıqda, atamın qəbri önündə oturdum. Sakitlik idi. Bu sakitlik əsəblərimə elə bil sığal çəkirdi. Bir anlıq düşündüm: “İlahi, gör bu qəbiristanlıqda nə qədər ibrətamiz, gözəl düşüncəyə malik, xeyirxah insanlar uyuyur. Gör bu qəbiristanlıqda nə qədər dələduz, körpənin malını yeyən, insanlara “torba tikən”, fitnə-fəsad yaradan, mələk cildinə girmiş şeytanlar yatır”.
Keçdiyim 62 illik həyat yolu gözümün önündən yavaş-yavaş lent kimi keçdi. Yaşadığım illər ərzində nələr görmədim, nələr eşitmədim. İki saat olub keçənləri özüm üçün saf-çürük etdim. Sonra isə atama olub keçənləri danışmağa başladım. Dedim:
-Ata, artıq zəmanə dəyişib. Vicdanlı insanların sayı azalıb elə bil. Yadına gəlir, mənə deyirdin ki, hamıya – səviyyəli-səviyyəsiz insanlara hörmətlə yanaş. Mənə deyirdin ki, çalış insanlara, sənə müraciət edənlərə yaxşılıq et, doğru yol göstər. Mənə deyirdin ki, heç vaxt harama əl atma. Mənə deyirdin ki, ədalətli ol, heç vaxt yalan danışma, pis vərdişlərdən uzaq ol. Heç vaxt yaltaq olma. Yaşamaq istəyirsənsə bu ömrü kişi kimi yaşa, tülkü kimi, çaqqal kimi yox... Yadına gəlir?
Bir anlıq düşündüm. Düşündüm ki, görəsən atam dediklərimi necə qəbul etdi? Eşitdimi məni? Dərindən bir ah çəkib dedim:
-Ata, dediklərinə indiyədək əməl edirəm. Mənim yaltaq olmamağım, çox işlərimin üstündən xətt çəkib. Yaltaq olmamağıma görə ancaq uduzmuşam. İnsanlara hörmətlə yanaşıram. Amma, hörmətlə yanaşdığım insanlar bunu tamam başqa cür başa düşürlər. Mənə müraciət edən yüzlərlə insana təmənnasız yaxşılıq etmişəm, doğru yol göstərmişəm, əvəzində onların əksəriyyəti mənə gizli yollarla pislik ediblər. Ata, dediklərinə əməl etdim. Bilmirəm, həyatda uduzmuşam, yoxsa udmuşam. 3 dəfə məni, bəzi insanların düşüncəsinə görə desək, “yağlı vəzifəyə” təyin etmək istəyiblər, lakin müəyyən nüanslara görə vəzifəyə getməkdən vaz keçmişəm. Ata, insanlar arasında şər, bötan, yaltaqlıq, nadürüstlük, işverənlik, şərəfsizlik çoxalıb. Artıq insanlardan qaçıram. Son günlərdə ədalətsiz baş verən olaylardan sonra heç yaşamaq istəmirəm. Çağır məni yanına...

"Paralel.az"

 

0.016630887985229