Qürub donu biçilmiş Akademiya 

Qürub donu biçilmiş Akademiya 
 

 

İdris Abbasov:
Akademşəbəkə tərəfindən qürub donu biçilmiş, suyu sovrulmuş, mayasına haram qatılmış akademiyanı heç bir fəxri fərman, yağlı vəd, mədhiyyə performansları, əlavə büdcə, səlahiyyət və status tələbləri xilas edə bilməz. Xilas -dürüstlük, səmimiyyət və etirafdan keçir...
Ən mühümü: Elmi ayaq altına salıb müftə milyonların ağuşunda buğlanan, de-intellektual eyş-işrətlərin köhlənində ekstaza gələn akademizm-alimizmin aktiv üzvləri DÜRÜSTLÜK rəqabətinə hazırdırlarmı? Hazırdırlarsa, desinlər, yazılarımda korrektə edim.
Bəli, sizi rəqabətə səsləyirəm, ey alim-üləma həmkarlarım! Onu da deyim ki, dəvət etdiyim rəqabətdə xalqın anasını ağlatmaq, pul mənimsəmək, rüşvət almaq, ölkənin elmini, təhsilini məhv etmək, bahalı mülklərə yiyələnmək, alver, alıb-aldatma, mənəviyyatsızlığın təbliği və təsbiti, əyri yollarla babat "dolanmaq", BİGANƏLİK, VİCDANSIZLIQ, riyakarlıq, yaltaqlıq, ölkəyə və xalqa üzdə məhəbbət, içdə nifrət yoxdur. O rəqabət - tamahına hakim olub qanunun ali olduğu ədalətli və sivil cəmiyyətə qovuşmaq uğrunda iyrəncliklərlə dolu şəxsi maraqları arxa plana keçirməkdən ibarətdir.
Xəbərdarlıq: Maddi çətinliklərə müvəqqəti dözməli olacaq, uşaqlarınıza sürətlə “gün ağlaya” bilməyəcəksiniz.
Rəqabətə hazır deyilsinizsə, vallah, o yığıncaqlar, iclaslar, reklam və elanlar, saxta kitab təqdimatları, indeksli məqalə-filanlar, yubiley şənlkikləri, yağlı, pafoslu çıxışlar, "ağıllı" təkliflər püf olmaqdan başqa bir mahiyyət kəsb etməyəcək!
Onu da deyim ki, müqəddəs rəqabətə beşcə il tab gətirsək, arzu edilən cəmiyyətə qovuşacağıq. Adam kimi yaşayacaq və münasibət quracağıq, bir-birimizə nifrət yox, məhəbbət bəsləyəcəyik və s. Əks təqdirdə, əbədi sərgərdan olub nısillərdən-nəsillərə onun-bunun miskin köləsi olaraq qalacağıq. Taleyimiz öz əlimizdədir, ağlımız olsa...

Paralel.az

0.01525616645813