QOŞULMAMA HƏRƏKATI AZƏRBAYCANI RUSİYANIN, İRANIN, ERMƏNİSTANIN TƏHLÜKƏSİNDƏN QORUYARMI?
Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Hakimiyyət iddia edir ki, Qoşulmama Hərəkatına üzv olmaq Azərbaycanın mənafeyinə uyğundur. Əslində, bu, Rusiyanı məmnun etmək siyasətinin ayrılmaz tərkib hissəsidir. Belə ki hakimiyyət Azərbaycanın Rusiyanın təsir məkanında qalmasını siyasətinin əsasına qoymuşdur. Qoşulmama Hərəkatı Azərbaycanın Rusiyanın təsir məkanında qalmasına mane olmur, əksinə, Azərbaycanın müstəqil, suveren, təhlükəsiz inkişafına uyğun olan məkana qoşulmasının önünü kəsir.
Biz bu səbəblərə görə Qoşulmama Hərəkatına üzv olmağın, tərəfsiz qalmağın Azərbaycanın mənafeyinə uyğun olmadığını deyirik:
- Azərbaycan hakimiyyətinin anlayışında Rusiya Azərbaycanın müstəqilliyinə, suverenliyinə təhdid, düşmən deyil, halbuki Azərbaycanın müstəqil varlığına ən böyük təhlükə qaynağı Rusiyadır. Çox istərdik ki, Rusiya Azərbaycanın haqlarına hörmətlə yanaşan qonşu olsun, ancaq gerçəklik başqa şeyi deyir, Rusiya Azərbaycanın müstəqilliyini qəbul etmir. O, imkan olan kimi Azərbaycanı işğal edəcək. Azərbaycanın təkbaşına, bitərəf qalaraq Rusiyadan qorunmaq imkanı yoxdur, etibarlı qorunma sisteminə möhtacdır;
- Azərbaycan hakimiyyəti İranı da ciddi, həyati təhlükə kimi qəbul etmir, ancaq bəllidir ki, İran da Azərbaycanın müstəqil, suveren varlığını rədd edir, onu özünə təhlükə sayır, Azərbaycanın zəifləməsi üçün əlindən gələn hər şeyi edir. Belə olmasa idi, Ermənistanı gücləndirməzdi. Azərbaycan bitərəf qalaraq Azərbaycana münasibətdə mənafeləri üst-üstə düşən Rusiya və İrandan qoruna bilərmi?
- Azərbaycanın açıq düşmənlərindən biri də Ermənistandır, o, Azərbaycanın ərazi bütövlüyünü tanımır, Qarabağı öz ərazisi sayır, Ermənistan Rusiya və İranın əlində Azərbaycana qarşı istifadə olunan silahdır. Rusiya, İran, Ermənistan kimi düşmənlərlə əhatə olunmuş Azərbaycan bitərəf qalaraq öz müstəqil varlığını davam etdirə bilərmi?
- Azərbaycan müstəqilliyini itirsə, Rusiyanın tərkib hissəsi olacaq, İran Güney Azərbaycan təhlükəsindən qurtaracaq, Ermənistan yeni ərazilər qazanacaq;
- Avropanın Almaniya, İngiltərə, Fransa, İtaliya, İspaniya ... kimi Azərbaycandan müqayisə olunmayacaq dərəcədə güclü olan dövlətləri Rusiya təhlükəsindən qorumaq üçün NATO-nun, Avropa Birliyinin, Avropa Şurasının içində yer tutublar, vahid siyasi, iqtisadi, hərbi məkanları var. Bu halda, Azərbaycan bitərəf qalaraq Rusiya, İran, Ermənistan təhlükəsindən qoruna bilərmi?;
- dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə öz müstəqillik və suverenliyini qorumaq üçün NATO-ya daxil olmuşdur, Avropa Birliyinə üzv olmağa can atır. Bu halda, Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq Rusiya, İran, Ermənistanın təhlükəsindən qorunmaq imkanı varmı?;
- Rusiyanın bölgədəki müttəfiqi Ermənistandır. Ermənistanda Rusiyanın hərbi bazaları var, Rusiya Ermənistanı silahlandırır. Azərbaycan isə Türkiyənin hərbi bazalarını öz ərazisinə yerləşdirməyə cəsarət etmir. Bu halda, Azərbaycan öz təhlükəsizliyini necə təmin edəcək?
Çıxış yolu hakimiyyətin göbəyi Rusiyaya bağlı, Rusiyanın təsir məkanında olan, başqa dövlətlərlə də əlaqə quran Azərbaycan anlayışından imtina edərək göbəyi Azərbaycan xalqına bağlı, Türkiyə ilə strateji müttəfiq, Türkiyənin daxil olduğu təhlükəsizlik məkanında yer tutan, Rusiya ilə də əlaqəsi olan Azərbaycan anlayışını qəbul etməsidir. Azərbaycanhakimiyyətinin göbəyini xalqa bağlamağın əsası ədalət, Türkiyə ilə ittifaqın əsası qardaşlıq və təhlükəsizlik, Türkiyənin daxil olduğu təhlükəsizlik məkanında yer tutmağın əsası ehtiyac və onların şərtlərini qəbul etmək, Rusiya ilə münasibətin əsası bərabərhüquqlu olmaqdır.
Azərbaycan əsarət, rüşvət, cəhalət, qorxu məkanından çıxıb azadlıq, halallıq, elm, ümid məkanına daxil olmasa, inkişaf etməz, təhlükəsizliyini qoruya bilməz.
Paralel.az