Qadınlar gözəl olmaq istəyirsə, bu dediyimi etsinlər
Tanınmış həkim Rəşid Mahmudovun Kult.az-a müsahibəsi:
- Rəşid müəllim, “Autizm sağalan xəstəlikdir” deyirsiniz, bu da rezorans doğurub...
- Düz deyirəm, elədir. Nəinki autizm, aşağı-yuxarı sağalmayan xəstəlik yoxdur. Mən 17 ildir televizordan bar-bar bağırıram ki, adamlarımızda yod çatışmır, yod. Bu, bilirsənmi nə deməkdir?
- Bilmirəm…
- Yod çatışmayanda insanda piylənmə gedir, kökəlir. Görürsənmi adamlarımız necə kökəlirlər? Saçları tökülür, dəriləri qurulaşır, yaddaşla bağlı problemləri də çoxalır, immunitetləri zəifləyir. Bu da xəstəliklərə yol açır. Bizim torpağın havasında-suyunda yod yoxdur. Mən bunu deməkdən yoruldum. Adamlar gərək buna diqqət eləsinlər. Hamı e, hamı. Tək kişilər yox, elə qadınlar da. İstəmirlər gözəl qalsınlar? İstifadə eləsinlər də.
- Niyə indiyə qədər bu cür problemlər olmurdu?
- Niyə olmurdu ki! Həmişə olub. Qoy, elmi tərəfdən də deyim. “Tiroid hormonları” deyilən hormon var. Onların sintezi üçün vacib olan məsələ “iz elementi”dir. Yod çatışmazlığı bütün dünyada neonatal və uşaqlıqda beyin zədələnməsinin ən çox görülən, qarşısı alına bilən bir səbəbidir. Yod bir çox qidalarda olsa da, bütün torpaqlarda eyni miqdarda olmur. Məsələn, bizdə də yoxdur.
- Bəs harada olur, necə olmalıdır?
- İodin şəklində olan yodun çox hissəsi okeanlarda olur, burada yodid ionları elementar yoda qədər azalır, daha sonra da atmosferə daxil olur və yağış vasitəsi ilə yerə düşür. Bununla da yodu torpaqlara ötürür.
- İndi insanlar neyləsin ki, coğrafi şəraitimiz belədir…
- Deyəcəm, səbirli ol. Yod çatışmazlığı daha çox daxili, dağlıq və tez-tez daşqın olan ərazilərdə olur. Bunun üçün mənim dediyim, təklif elədiyim “ionlaşmış yod” var. Bax, bunu istifadə eləsinlər. Bəs özümü niyə öldürürəm ki, ay camaat, bundan istifadə edin!
- Autizmə də yol açır bu problem?
- Bəs nə? Autizm geniş məsələdir, ilkin olaraq bunları deyə bilərəm. Hələ ən sadə məsələ budur. Bədəndə olan yod çatışmazlığı təpədən dırnağa qədər təsir edir. Bunlar elmdir, elm. Bizimkilər də elmi aparıb dəfn ediblər qəbiristanlıqda. Təkcə autizmə yox, şizofreniya və xərçəngə qədər gətirib çıxardır. Orqanizmdə tükdən tutmuş dırnağa qədər təsir edən yeganə hormon tiroksindir. Yod çatışmazlığı ən çox bu hormona təsir edir ki, nəticədə də autizm kimi xəstəliklər yaranır. 2020-ci ildən alimlər öyrənməyə çalışır ki, bədəndə qalan yod hara gedir? Hələ də elmə tam olaraq məlum deyil.
- Deyirlər ki, autizm sindromdur, xəstəlik yox…
- Desinlər də. Hərə bir söz deyir. Amma nəyə görə deyirlər? Hardan bilirlər? Hamısı elmlidirmi? Hansı əsasları var? Özlərini məndən ağıllı hesab edirlər?
- Daha çox lağ edirlər…
- Məni lağa qoyurlar, sağ olsunlar, amma heç olmasa, gedib elm də öyrənsinlər. Onda görəcəklər ki, mən düz deyirəm. Kim inanmır, gəlsin, şəxsən izah edim, göstərim.
- Autizm xəstəliyini müailəcə edənə gərək Nobel versinlər axı…
- Nobel lazım deyil, eşitsinlər, bəsdir. Lağ eləməklə bir şey olası deyil.
- Sizin özünüzün autizmdən sağaltdınız insan var?
- Sağaldıram da. Onu deyim ki, bu proses “ol” deyəndə olan proses deyil. Autizmin növləri var. Yüngül olur, ağır olur. Məsələn, dörd yaşlı uşağa iki il, səkkiz yaşlı uşağa dörd il müalicə lazımdır. Amma əlavə olaraq, sistemli müalicə də edilməlidir. Məsələn, loqopedlə də qarşılıqlı müalicə. Autizmin əlamətləri çox açıqdır, görünür ki, onlara autizmli uşaqlarda qarşılıqlı əlaqə zamanı keyfiyyət pozğunluğu, ünsiyyət problemi, məhdud fəaliyyətlər və eyni hərəkətlər müşahidə olunur.
- Azərbaycanda xeyli autizm mərkəzləri var. Onlar niyə sağalda bilmir?
- İndi kim nə istəsə, aça bilər. Saxta diplomlarla o qədər mərkəzlər açırlar ki! Mən bilmirəm onlar nə iş görürlər. O cür mərkəzlərin fəaliyyəti bəllidir.
- Bəllidir, yəni, fırıldaqçılardır?
- O cür mərkəzlərin əsas fəaliyyəti uşaqları məktəbə qədər hazırlamaqdır, onlarda müəyyən vərdişlər yaratmaqdır. Tam sağaldacaqlarını deyən varsa, hə, fırıldaqçıdır. Autizmli uşaqların müalicəsi ancaq tibb müəssisəsində deyil, o cümlədən, evdə, bağçada da aparılmalıdır. Burada psixoloq konsultasiyası da vacibdir. Bu elə xəstəlikdir ki, uşaqların da, valideynlərin də psixikasına təsir göstərir.
- Autizmi “dahilik sindorumu” da adlandırırlar.
- Hə, doğrudur, o cür uşaqlarda fərqli, xüsusi istedadlar da ola bilir. Bir sözlə, inanın, əmin olun, dediklərimə əməl edin. Mən bunları özümdən demirəm, bunları mənə elm deyir, bildiyim elmi də sizlərə, xəstələrə çatdırıram.