Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub

Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçən Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub.

Nazir müavini Anar Əliyev Oxu.Az-a özəl açıqlamasında bildirib ki, xəstəxana ən müasir standartlara cavab verən reabilitasiya mərkəzi olacaq:

“Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr keçiriləcək”.

Nazir müavini əlavə edib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birgə xəstəxananın təhvil-təslim işləri həyata keçirilir.

***

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova Oxu.Az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

“Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir”.

 

0.013105869293213