Biz Sizə minnətdarıq, müəllimlər!

Biz Sizə minnətdarıq, müəllimlər!
 

İbtidai siniflərdə oxumağı çətinlikləri (Xatirələr)

Əziz oxucular, qəzetimizin ötən sayından başlayaraq, keçmiş xatirələrimi sizinlə bölüşməyə davam edirəm. Bu dəfəki xatirələrim ibtidai sinifdə oxuduğum illərlə bağlıdır.?

1960- il, sentyabr ayı - kəndimizdə, Orta Əlinəzərlidə məktəb olmadığına görə, kəndin 2-3 km məsafədə olan Birinci Aşıqlı kənd səkkizillik məktəbinin birinci sinifinə getdik. Sinif yoldaşlarım - Rəhimov Xəlil Şəmil oğlu, Quliyev Surxay Xanalı oğlu, Quliyev Maşallah Əyyub oğlu, Quliyev Fazil Həsrət oğlu, Məmmədov Sərhəd Qurban oğlu, Abbasov Ramiz Şahmar oğlu digərləri ilə bərabər, rəhmətlik Valya müəllimənin dərs dediyi birinci sinifdə oxumağa başladıq. O vaxtlar Birinci Aşıqlı kənd səkkizillik məktəbinin direktoru İkinci Dünya Müharibəsinin veteranı, rəhmətlik Salam Məmmədov idi. Şagirdlər Salam müəllimdən həddindən çox çəkinirdilər. O, hər səhər məktəbin girişində dayanar, dərsə gecikən şagirdləri tənbeh edərdi. Bir dəfə mən dərsə gecikmişdim. Salam müəllim məni saxlayıb, "dərsə niyə gecikmisən", deyə soruşdu. Cavab verə bilmədiyimə görə, qəflətən sifətimə bir şillə çəkdi. Şillənin təsirindən dəhliz açılan sinifimizin qapısına dəyib dayandım. Sinif rəhbərimiz Valya müəllimə üst-başımı təmizləyib, məni partada əyləşdirdi.

Salam müəllimin 62 il əvvəl vurduğu həmin şillənin ağrısını hələ xatirimdən çıxmır. Qolu o qədər güclü idi ki, məktəbimizin xadiməsi Ballı arvadın iri bir danası məktəbin həyətinə girdiyinə görə, həmin dananı əlindəki ağacla vurub öldürmüşdü. Bu hadisə bütün şagirdləri qorxuya salmışdı...

Xülasə, birinci sinifi bitirdikdən sonra, 1961-ci ilin sentyabrında Orta Əlinəzərli kəndində ibtidai məktəb (I-IV) açılğına görə, növbəti il doğma kəndimizdə oxumağa başladıq. Məktəb yeni olduğu üçün cəmi bir sinif otağı hazır idi. Hər iki sinifdə oxuyan uşaqların da sayı az olduğuna görə, 2 sinif (I II sinif) bir otaqda dərs keçirdik, dərs ilinin başlanmasına baxmayaraq, məktəb binası hələ yarımçıq idi. Tikilməkdə olan ibtidai məktəb binasının pəncərələri belə, düzəlməmişdi. Bir otaqda 2 sinifə - (I II sinifə) bir müəllim, rəhmətlik gənc Mədətov Rafiq Nemət oğlu dərs keçirdi. O, 1963- ildə avtomobil qəzasında həlak oldu məktəbə yeni müəllim, Beyləqanda (Jdanov) birillik müəllimlik kursu keçmiş rəhmətlik Zakir Uğuz oğlu Məmmədov gəldi...

Təsəvvür edirsiz, cəmi 3 otaqdan ibarət olan o məktəb qədər köhnəlib, hazırda istifadəyə yararsız hala düşsə , uçmayıb, hələ yerindədir. Yeni orta məktəb binası isə cəmi 30 ildir tikilib istifadəyə verilib. Artıq orta məktəbin şifer örtüyü tam dağılsa da, analoqsuz inkişafa malik olduğu iddia edilən hökumət bu məktəbi təmir etmir.

1961-ci ildə bünövrəsi qoyulmuş məktəbin köhnə binasından torpaq sahəsindən səmərəli istifadə olunmur, sanki sahibsizdir...

İllər ötdü, orta məktəbi bitirib, 1971-ci ildə ali məktəbə qəbul oldum 1975-ci ilin sentyabr ayında ibtidai təhsil aldığım həmin Orta Əlinəzərli kənd 8-illik məktəbinə müəllim kimi, ilk dəfə dərs deməyə başladım. 1976- ilin dekabr ayında Orta Əlinəzərli kənd 8-illik məktəbindən ayrıldım. İndi doğma kəndimizə gedəndə, həmin o köhnəlmiş, baxımsız binaya baxıb xəyalən keçmişə, bu məktəbdə keçən gənclik illərimə qayıdıram...

Orta Əlinəzərli İbtidai məktəbində çalışan, bizə dərs deyən rəhmətlik Rafiq Nemət oğlu Mədətovu, Zakir Uğuz oğlu Məmmədovu, Ağamirzə Əliş oğlu Quliyevi, Camal Bahadur oğlu Əliyevi, Əhməd Şıxəliyevi, hazırda təqaüddə olan Əjdər Qurban oğlu Məmmədovu, Mayor Fərrux oğlu Cəfərovu müəllim kimi üzərimizdə necə çalışdıqlarını, müəllim peşəsini bizə necə sevdirdiklərini hörmətlə xatırlayıram.

Onların hər birinin, xüsusən Ağamirzə müəllimin öz peşəsini necə ürəkdən sevdiyini, şagirdlərin mükəmməl bilik bacarığa sahibi olması üçün necə can yandırdığını heç vaxt unutmuram.?

1963-1964- ildə Orta Əlinəzərli ibtidai məktəbinin 3- sinifində oxuyanda məktəbə yeni sinif müəllimi təyin olunan Ağamirzə Quliyevlə bağlı xatirələrimi oxucularla bölüşməyi vacib sayıram.

İbtidai məktəbin 1-ci   2-ci sinifdə dərs deyən müəllimlərin  təcrübəsizliyindənmi, yoxsa uşaqların laqeyidliyindənmi deyim, tez-tez dərsdən yayınar, dərslərimizi hazırlamazdıq. Ağamirzə müəllim məktəbə gələndən sonra, yenə əvvəlki kimi, dərsə getməz, bəzən dərsdən qaçardıq. İkinci sinifdə oxuyanda, hətta dərs ili başa çatmamış, yəni may ayının əvvəlində dərsi buraxıb, ferma köçü ilə dağa getdim. Buna görə , 3- sinifdə oxuyanda ilin birinci yarısında qiymətlərim çox aşağı idi. Payız gələndə isə, bildim ki, rəhmətlik Zakir müəllim məni 3- sinifdə saxlayıb. Həmin illərdə rəhmətlik atam Əlikişi yaşayırdı. Tez-tez məktəbə gələr, necə oxumağımla maraqlanardı. Məhz yaxşı oxumadığıma görə, atamın məktəbə gəlişini heç istəməzdim. Bilirdim ki, dərsi pis oxuduğuma, qiymətlərim onu qane etmədiyinə görə, atam mənimlə sərt davranırdı.

1963-1964- dərs ilinin noyabr ayında fermadan qayıdıb, təkrar üçüncü sinifdə oxumağa məcbur oldum. Ağamirzə müəllimin tələbkarlığı hesabına həmin dərs ilini yüksək qiymətlərlə başa vurub, dördüncü sinifə keçdim.

Dördüncü sinifin ilk günlərində Ağamirzə müəllim əvvəlkindən sərt tələbkar idi. Dərsi soruşar, bilənləri tərifləyər, yüksək qiymət yazar, bilməyənləri dərsdən sonra məktəbdə saxlayar, dərsi öyrənib, cavab verdikdən sonra şagirdləri evə buraxardı. Hətta bəzi valideynlər uşağının arxasınca məktəbə gələr, şagirdi saxladığına görə, müəllimə etiraz edərdi.

Beləcə, sərt müəllim tələbi ilə üzləşdiyimizə görə, yavaş-yavaş dərsdən yayınmağa başladıq. Lakin Ağamirzə müəllim dərsdən sonra məktəbə gəlməyən şagirdlərin arxasınca evlərə gedər, valideynlərlə söhbət edər, sonunda məktəbdən yayınan uşaqların dərsə davam etməsinə nail olardı.

Şagirdlərin dərsə davam etməsilə bağlı Ağamirzə müəllim valideynləri daim xəbərdar edərdi. Dərs ilinin ikinci rübün sonunda məktəbdə valideyn iclası keçirərdi, orada hər bir şagirdin qiyməti davranışı haqqında valideynlərə ətraflı məlumat verər, çatışmazlıqları bildirərdi.

1964-1965-ci dərs ilinin sentyabrında dərslər yenidən başlayanda xəstələndim dərsə davam edə bilmədim. Ağamirzə müəllim dərhal arxamca evə gəldi. Evimiz məktəbə yaxın olduğuna görə, bəzən dərsə gecikəndə gələrdi. Xəstələndiyimi öyrənib, bildikdən sonra, sabah mütləq dərsə getməyimi anama dönə-dönə tapşırardı.

O gündən sonra məktəbə fasiləsiz davam etdim. Qısa müddətdə sinif əlaçısı olaraq, 1964-1965-ci dərs ilində Orta Əlinəzərli ibtidai məktəbinin dördüncü sinfini əla qiymətlərlə başa vurdum.

 Müəllim əməyini itirmirik

 1964-1965-ci dərs ilinin əvvəlində hazırda təqaüddə olan, o vaxt gənc enerjili, ali təhsilli, ixtisasca fizika-riyaziyyat müəllimi Əliağa Mehdiyevin direktorluğu ilə, iki kəndin - Orta Əlinəzərli Yuxarı Əlinəzərli kəndlərinin ortasında Əlinəzərli kənd 8-illik məktəbi açıldı. Orta kəndin 5-ci Yuxarı kəndin 1- sinif şagirdləri bu məktəbdə təhsilini davam etdirməyə başladılar.

Yeni məktəbdə tələbkar müəllimlərin yaratdığı qaynar mühitə düşmüşdük. Orta Əlinəzərli Yuxarı Əlinəzərli kəndin ibtidai sinifini bitirən şagirdlər 5-ci sinifə, 5-ci sinfi I Aşıqlı 8-ollik məktəbində bitirən şagirdlər isə, 6- sinifdə oxuyurdu. Hər iki kənddə dərs deyən gənc perspektivli müəllimlər Əliağa müəllim tərəfindən Əlinəzərli kənd 8-illik məktəbinə cəm olunmuşdular. Əliağa Mediyev, Hidayət Ağalarov, Hidayət Cəfərov, Bela Ağalarova, Həsrət Abdullayev, rəhmətliklər Ağamirzə Quliyev, Qubad Rəhimov, Camal Əliyev, Novruz Mirzəyev, Əsgər Xankişiyev, İsmayıl İsmayılov digərləri eyni vaxtda olmasa da, məktəbdə oxuyan zaman əksəriyyəti kənddən olduğuna görə, orta məktəbi qurtarana kimi, az bir qismi isə, müxtəlif illərdə kənardan gəlib, Əlinəzərli kənd orta məktəbində bizə dərs deyən müəllimlər idi.

Yuxarı Əlinəzərli kəndindəki ibtidai sinif ləğv olunsa da, Orta Əlinəzərli kəndi ilə Əlinəzərli 8-illik məktəb arasında məsafə xeyli uzaq olduğuna görə, Orta Əlinəzərli kənd ibtidai məktəbi fəaliyyətini davam etdirdi. Əlinəzərli 8-illik məktəbinə Orta Əıinəzərli kəndindən yalnız 5-ci sinifdə yuxarı siniflərdə oxuyan şagirdlər təhsil alırdılar.

Hər iki kənddən Əlinəzərli 8-illik məktəbinin 5-ci sinifinə gələn şagirdlər arasında müxtəlif yaş qrupuna aid olan qızlar var idi. Qızlar kənddə ibtidaidən başqa məktəb olmadığına görə, ibtidai sinifləri bitirib, oğlanlar kimi, Birinci Aşıqlı kənd səkkiilik məktəbinə getmirdilər. Qızlar həm yaxşı oxuyurdular, həm şagirdlərin əxlaq tərbiyəsinin normallaşmasına müsbət təsir edirdiər. Sinifdə əla yaxşı qiymətlərlə oxuyan qızlar Sərayyə Abdullayeva, Ağabəyim Bayramova, rəhmətlik Rəna Balaşova, Validə Quliyeva, Əfruz Əliyeva hər üçü səkkizinci sinifdən sonra məktəbdən qayıtdılar, Elmira Abbasova, Rəfiqə Şirinova, Sərayyə Abdullayeva isə orta təhsillərini davam etdirdilər ...

 (Ardı var) 

Tapdıq ABBAS

 

0.086006164550781