Nəyə qadiriksə, ona da layiq olmalıyıq!
İndi biz elə bir milli ideya müəyyənləşdirməliyik ki, Qarabağ savaşında olduğu kimi həmin ideya ətrafında da bütün cəmiyyəti səfərbər edə bilsin. Cəmiyyətin potensialını vahid istiqamətə yönəltməyi bacarsın. Bu ideya nə ola bilər? Biz hansı milli ideya ətrafında həyacanlana, məsuliyyətli davranış nümayiş etdirə bilərik?
Milli gücü hansı vasitələrlə idarə etməliyik sualında elm və təhsilin inkişafının qayğısına qalmaq və bu sahədə keyfiyyətcə dəyişikliklərə nail olmamız lazımdır.
Təbii ki, elm və təhsili biri-birindən fərqləndirmək lazımdır. Elm bir sahədə yenilik etmək, tədqiqat nəticələri əldə etməkdirsə, təhsil həmin tədqiqatı tədris etməkdir. Postmüharibə dövrünün əsas çağrışları bizi indi elmi, mədəni uğurlara doğru aparmalıdır. Cəmiyyətdə səfərbəredici güc elmi, mədəni nəaliyyətlərə indeksləşməlidir.
İqtisad elmində “liberalizmin atası” kimi tanıdığımız Adam Smit yazırdı ki, xurafat və eyforiya zəhərinin əsl əlacı elmdir. Nizami Gəncəvi də yalnız üstünlüyü təsbit edən yeganə amilin elm olduğuna dəqiq işarələr edib.
Nobel mükafatçısı Eziz Sancar yazır;
“Elmlə məşğul olmaq genetika və ya zəkaya aid deyil, ənənə məsələsidir. Yəhudi qardaşlarımız dünya əhalisinin 0,2 % təşkil edir və elm üzrə yüzdə 20% Nobel mükafatını alıblar. Onlar digər insanlardan daha ağıllıdırlar? Əsla deyil. Sadəcə, onların mədəniyyətində elmə, təhsilə önəm verilir”.
Lakin müsəlman dövlətləri daha çox fiziki kapital hesabına iqtisadi artıma nail olmaq yolunda israrlı olduqları üçün insan kapitalının önəmini hələ də dərk etməkdə çətinlik çəkirlər. Başqa bir tədqiqata istinad etsək, mənzərə daha aydın olar.
Böyük səkkizlik ölkələrinin Avropa İttifaqının 15 ölkəsinin Avstaliya, Avstriya, Belçika, Cənubi Afrika, Çin, Sinqapur, Cənubi Koreya, Tayvan, Hindistan, İranın tədqiqat və işləmələrə çəkilən xərcləri, elmi məhsuldarlıı və istinad olunması təhlil edilmişdir. Məlum olmuşdur ki, dünyada elmə çəkilən xərclərin 98%-i 31 ölkənin payına düşür, qalan 62 ölkənin xərcləri isə cəmi 2% təşkil edir.
Müsəlman toplumu, Şərq dünyası bu haqda düşünməlidirmi?
Fikrimcə, özü də çox dərindən düşünməlidir. Azərbaycan da düşünməlidir, Azərbaycan hökuməti də həmçinin...
Gəlin, ölkəmizdəki elmi ayrılan vəsaitlərə və onun real durumunu təhlil edək. Azərbaycan dövlət büdcəsindən 2024-cü il üçün elmə ayrılan xərclərin məbləği 229 milyon manatdır. Bu isə ÜDM-nin 0,2 faizi deməkdir. Müqayisə üçün bildirək ki, dövlət büdcəsindən elmə ayrılan xərclərin ÜDM-ə nisbətdə dünya üzrə ortalama həddi 2,1 faiz təşkil edir.
Hər birimizin Azərbaycanda elmi inkişafın önəmi ilə bağlı müxtəlif düşüncələrim ola bilər. Hər bir təklif və rəyə hörmətlə yanaşaraq, özümün subyektiv olaraq vacib hesab etdiyim 3 ciddi problemi həll etməli olduğumuzu düşünürəm:
(ı) ölkədən xaricə beyin axınını (köçünü) dayandırmaq
(ıı) elm xərclərinin artırılması
(ııı) akademik azadlıqların verilməsi
Başa düşməliyik ki, yalnız elm xərclərini artırmaqla da bu işlərin avtomatik həll ediləcəyini düşünmək də doğru olmaz. Albert Eynşteyn vaxtı ilə yazırdı: “Elm, heç vaxt, bitmiş bir kitab olmayıb və olmayacaq da. Burada hər bir mühüm uğur yeni suallar doğurur. Elmin inkişafı, zamanla, yeni və daha dərin çətinliklərlə qarşılaşmağa gətirib çıxarır.”
Bu baxımdan elmə və təhsilə dayalı sistemlər həm də davamlı və dayanıqlıq iqtisadi inkişafa nail olurlar. İqtisadi inkişaf həm də hərbi qələbə qazanmış cəmiyyətin halalca haqqı və haqq etdiyi yaşam standartı olmalıdır. Nəyə qadiriksə, ona da layiq olmalıyıq!
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitunun rəhbəri
Paralel.az