QONŞUDAN QALMA GERİ - Dos. İlham Əhmədov
Bu yaxınlarda TN-nin ETN transformasiya edilməsinin 2 ili tamam olur. Bu sahədə nə dəyişikliklər, hansı inkişaf hiss edilir? Bu müddət ərzində gələcəkdə möhtəşəm nəticələr verə biləcək hansı işlərin təməli qoyuldu?
Hər şey müqayisədə dərk edilir. Bizim elm və təhsil sahəsində hansı mövqedə olmağımızı aydın dərk etmək üçün özümüzü ABŞ və Avropa ölkələri ilə yox, region ölkələri ilə müqayisəmiz düzgün olardı, bu müqayisələr bizə bəzi məlumatları verə bilər.
Belə müqayisələr bu sahəyə məsul olan menecerlərimizi öz işlərinə daha ciddi və məsuliyyətli olmağa, son 33 ildə bu sahədə olan tənəzzülümüzü aydın dərk etməyə, qüvvələri səfərbər edərək geriliyimizi aradan qaldırmağa, böyük hədəflərə istiqamətlənməyə kömək edə bilər. Təbii ki, belə müqayisələrdən nəticə çıaxrsalar, real nələrsə etmək istəsələr və buna potensialları çatarsa. Bu məqsədlə qonşu İranın elm və təhsil sahəsində inkişaf səviyyəsini səthi baxmaq, müəyyən müqayisələr etmək istərdim.
Son 44 ildə İranın elmi və təhsili xeyli inkişaf etdi. İranda elm və təhsil Türkiyə səviyyəsində olmasa da, ona çox yaxındır. Buna sanksiyalar şəraitində nail olmaq elə də asan məsələ deyil. Deməli, inkişafa can atanda bəhanələr yox, imkanlar axtarmaq lazımdır. Bu müddət ərzində İran hətta müharibələrə də cəlb edilmişdi. Universitetlərin qlobal reytinq sıralamasında islam ölkələri içində ən çox İranın universitetləri yaxşı yer tutur. Bu say RF universitetlərinin sayından da çoxdur. Əgər 1980-ci ildə İranda 20 universitet var idisə, 2000-ci ildə artıq 200 universitet vardı. Müqayisə üçün deyim ki, həmən dövrdə Türkiyədə olan universitetlərin sayı bundan az idi. İran universitetlərində distant təhsil sistemi də çoxdan yaradılmış və uğurla tətbiq edilir.
Biz isə 33 ildir elm və təhsili səriştəsiz kadrların səmərəsiz “islahat”ları ilə çökdürürük. Müqayisə üçün deyim ki, 1985-ci ildə elm və təhsil sahəsində biz İrandan və Türkiyədən irəlidə idik. İranın bir çox iri sənaye obyektlərinin tikilib istifadəyə verilməsində bizim mütəxəssislər fəal iştirak edirdi.
2017/18-ci tədris ili statistik məlumatlara əsasən, İranın dövlət ali məktəblərində təhsil alan tələbələrin ümumi sayı 727,5 min vahidə çatıb (indi yəqin 1 milyon civarında olar). Bu məlumatları Bloomberg Qlobal İnnovasiya İndeksinin sorğusu təsdiqləyir. İİR dünyanın 128 ölkəsi arasında elm və texnologiya üzrə məzunların sayına görə ikinci, ali təhsil üzrə dördüncü, ümumi infrastruktur üzrə 41-ci və 48-ci yerləri tutur. İnsan kapitalına yönəlik bəzi elmi nəşrləri 34-cü yerdən 16-cı yerə qalxmışdır.
Elmi tədqiqat nəşrləri, məqalələr, tezislər və sitatlar bazası Scopus-un məlumatına görə, İran 2016-cı ildə elmi məqalələrin say artımına görə birinci yerdə qərarlaşıb. Baxmayaraq ki, 2012-ci ildə ölkə 10-cu yerdə idi. İranın elmi nailiyyətlərinin istehsalata tətbiqi 2012-ci ildəki 1,4%-dən 2016-cı ildə 2,4%-ə çatıb. 2016-cı ildə İranın ISI saytında dərc olunan məqalələrin tərkibində 20% artım qeydə alıb.
QONŞUDAN QALMA GERİ
İİR-da son illərdə ümumi dəyəri 6,6 milyard dollar olan 2700 innovativ şirkət yaranıb. Bu məqsədlə enerji, avtomobil və poladəritmə sektorunda iri sənaye şirkətləri innovasiyalara daha çox sərmayə qoyaraq, ölkədə uzun illərdir davam edən uğurlu texnoloji inkişaf prosesini davam etməsinə zəmin yaradıblar.
20-ci və 21-ci əsrlərdə dünya elminin görkəmli simalarından biri, riyaziyyatçı Məryəm Mirzəxani olmuşdur. O, 2014-cü ildə riyaziyyat üzrə ən yüksək beynəlxalq mükafatlardan biri olan Filds medalını qazanan ilk qadın olmuşdur.
Bizdən son illər xeyli beyin axını oldu, alimlərimiz burda inkiaf etmələrinə imkan olmadığı üçün digər ölkələrə, daha çox T.C., RF, İİR-na üz tutdular. Elm və təhsil sahəsində olan ümumi vəziyyət hamımıza məlumdur. Bizim geriliyimizin bir sıra səbəbləri oldu, əsas səbəb isə yerində olmayan kadrlar oldu. Çünki, "hər şeyi kadlar həll edir".
Paralel.az