Keçəl və "Həsən soxdu" dəyirmanı
(Pritça)

Keçəl və
 

KEÇƏL və "HƏSƏN SOXDU" dəyirmanı
(Pritça)

Deməli, bu hadisə qədim zamanlarda, hələ millət qeyrətli olanda, kəndi, torpağı atıb şəhərə qaçmayanda, kənddə həyat qaynayanda baş vermişdi. Camaat payızda torpağını əkir, taxılını səpirdi. Qışda torpaq qarın altında qalanda camaat da evlərinə çəkilirdi. Gündüzlər əllərinin zəhmətini yeyir, Allaha şükür deyirdilər. Gecələr də yeni nəsil istehsal edirdilər, millətin genofondunu zənginləşdirirdilər...

Yaz gəlirdi, meşələr, cəmənlər göyərirdi, payızda əkilən taxıllar cücərirdi. Mal-qara tövlə türməsindən çıxırdı, çölə-çəmənə yayılırdı. Süd dolu qazanlar aşıb-daşırdı, arvadlar hətta yada-çobana ayran paylaşırdı. Ayran-çoban məsələsi ətrafında "maraqlı söhbətlər" də dolaşırdı. Yığışıb yalana çıxarırdılar, üstünü malalayırdılar... Yay gəlirdi - Allahdan yerə pay gəlirdi. Taxıl zəmiləri qızıl kimi saralırdı, biçinçilər gün altında kömür kimi qaralırdı. Yayın axırında taxıllarını biçirdilər, otlarını, samanlarını tədarük edirdilər. Payızın əvvəli çöllərdə, torpaqda, əkində keçirdi. Payızın sonu kəndçinin dəyirmanlara hücumu baş verirdi...

Deməli hər dörd-beş kəndin bir su dəyirmanı olurdu. Hər kəndin də neçə yüz kisə taxılı üst-üstə qalanırdı. Dəyirmanlarda gecə-gündüz növbə olurdu. Növbəyə durmaq da, bilirsiz, qədimdən gəlsə də, bizim mentalitetdən gəlmirdi. Arada qolu zorlulardan biri irəli keçmək, taxılını növbəsiz üyütmək istəyirdi. Bu zaman dava dəyirmandan çölə çıxırdı, payalar çəpərdən ələ çıxırdı, qan axıb dizə çıxırdı. Millət axı, hələ qeyrətli idi, haqsızlığa göz yuma bilmirdi, öz haqlarını müdafiə edirdi. Amma "Həsən soxdu dəyirmanı" misalı indi də qalır... Deməli, özünü irəli soxan, camaatı saymayan, taxılını növbəsiz üyüdən qolu zorlu Həsənlər də qalır...

Amma biz , ancaq Həsəndən yox, həm də Keçəldən danışmaq istəyirdik, axı... Payızda aramsız yağışlar yağırdı, dəyirmanlar yaman soyuq olurdu. Dəyirmanlarda səhərdən axşama, axşamdan səhərə kimi ocaqlar yanırdı, növbə ilə hərə evdən araba ilə odun daşıyırdı. Dəyirmanların birində (bəlkə də hər birində?!) bir keçəl vardı, əlləri sakit dayanmırdı. Dayanmadan ocağı qurdalayırdı, bu odunu götürüb belə qoyurdu, o odunu götürüb elə qoyurdu. Ocaq sönürdü, dəyirmana tüstü dolurdu, camaat boğulurdu...

Hərə bir yandan keçələ qışqırırdı. Bir dəfə, iki dəfə - camaat görür ki, keçələ söz kar eləmir. Yığışıb bunu arxası üstə yıxırlar, əllərini qarnının üstündə bərk-bərk bağlayırlar. Keçəl eləmir tənbəllik, ayaqları ilə ocağı qurdalayır, bu odunu götürüb belə qoyur, o odunu götürüb elə qoyur. Ocaq sönür, dəyirmanı yenidən tüstü basır... Cavanlar durur, keçəlin ayaqlarını da kəndirlə bağlayır. Keçəl yenə dinc durmur, başlayır camaata yalvarmağa: Ay filankəs, sən atayın goru, bu odunu götür belə qoy, ay beşmankəs, sən oğluyun canı, o odunu götür elə qoy... Ocaq sönür, dəyirmanı tüstü basır...

Camaat eləmir tənbəllik, keçəlin əlindən-ayağından tutub atırlar bayıra, yağışın, soyuğun altına. Millət axı, hələ qeyrətli idi, əclaflığa göz yuma bilmirdi, yummaq istəmirdi...

Qalib ARİF

0.14833688735962