Nə qayğısız yaşardıq xanım kimi, bəy kimi... - Zəki Bayram
Nə qayğısız yaşardıq xanım kimi, bəy kimi,
Hər gün coşub-daşardıq dəli-dolu çay kimi...
Buludlar arxasından oğrun baxan ay kimi
Başın üstə gecələr şəfəq saçdım, bilmədin.
Qara donlu bəxtimdə ağ naxışlı ilmətək,
Yaşamağa səsləyən sehrli bir kəlmətək,
Könlümün sarayından həm yiyə, həm gəlmətək
Ömrün bahar çağında hara qaçdın, bilmədim.
Nə mənalar sezərdim Leylivəş baxışından,
Sevərək islandığım təbəssüm yağışından...
Evinizin tinindən, küçənizin başından
Axşamlar Məcnun kimi gəlib keçdim, bilmədin.
Mən bir ömrü elə bil qəflətlərdə yatmışdım,
Dayazlara baş vurub, dərinlərdə batmışdım.
Qəlbimi qıfıllayıb dənizlərə atmışdım, –
Hardan tapdın açarı, necə açdın, bilmədim.
Xoşbəxt etmək mümkünmü talesiz doğulanı?
Saman çöpü qurtarmaz dəryada boğulanı.
O qırmızı köynəkli, o sarışın oğlanı
Seçib sevdin, – bilmədin, sevib seçdin, – bilmədin.
Oynadıq bəxtimizlə başdansovdu iş kimi,
Uçub getdi xoşbəxtlik başımızadan quş kimi.
Bir gün də bəzənməyib “gora gedirmiş” kimi,
Sən ağlaya-ağlaya gəlin köçdün, bilmədim.
Ömrümüzün dan yeri soldu çiçəklik kimi,
Sonra dostlar qazandıq tənhalıq-təklik kimi.
Sığındığı budaqda vurulan kəklik kimi
Qan içində ovcuma necə düşdün, bilmədin.
İki ürək qovurduq bir eşqin ocağında,
Bayquşlara yer verdik könlümüzün bağında...
Bir yağmurlu havada, ömrün payız çağında
O, nə ayrılıqdı...Bu, nə görüşdü, bilmədik.
"Paralel.az"