Ərdoğan, yoxsa Qılıcdaroğlu?
Türkiyədə kimin prezident olmasının bizə heç bir fərqi yoxdur
Əslində bu müzakirə, mü-bahisə və seçki marafonu Türkiyə adlı dövlətin daxili işi, vətəndaşlarının iradəsi ilə həll ediləcək bir məsələdir. Lakin Azərbaycan vətəndaşlarının siyasi cəhətdən aktiv kəsimi özlərini Türkiyədəki seçki adlı "qaynar qazan"ın içində hiss edir. Ona görə də cəmiyyətdə bizim iradəmizdən asılı olmayan məsələyə - Türkiyədəki növbəti prezident seçkilərinə reaksiyalar artmaqda davam edir. Hətta, bu prosesə münasibətdə Azərbaycan cəmiyyəti iki yerə parçalanıb - Ərdoğanın və Qılıcdaroğlunun tərəfdarları olaraq bütün platformalarda mübahisə aparırıq. Bundan isə Türkiyənin hər iki prezidentliyə namizəd lideri öz seçki marafonunda gen-bol istifadə edir.
Ümumiyyətlə, Türkiyədə bir neçə gündən sonra baş tutacaq növbəti prezident seçkilərinin tarixiliyini əsaslandıran əlamətlərdən biri də Azərbaycan faktorudur. Hətta, Rəis (R.T.Ərdoğan) öz rəqibinə qarşı Azərbaycan faktorundan "qara piar" kimi geniş istifadə edir. Məsələn o, təbliğat xarakterli çıxışlarından biri zamanı vaxtı ilə SSRİ-dən Türkiyəyə mühacirət etmiş 146 nəfər cümhuriyyətçı azərbaycanlılarla bağlı bəzi gizli faktları açıqlayıb. Ərdogan bildirib ki, on illər boyu CHP-nin (Cümhuriyyət Xalq Partiyası) üstünü örtməyə çalışdığı bu hadisə istər türk, istərsə də azərbaycanlıların tarixinə acı hadisə kimi yazılıb. Prezident toplantı zamanı 1944-cü ildə baş vermiş “Boraltan körpüsü” faciəsindən danışıb. Belə ki, 1944-cü ildə - CHP hakimiyyəti dönəmində kommunist zül-mündən Türkiyəyə sığınan 146 azərbaycanlı Araz çayı üzərindəki Boraltan körpüsü üzərində SSRİ-yə təhvil verilmişdi. SSRİ yetkililəri isə həmin 146 nəfəri Araz cayının sahilindəcə, türk sərhədçilərinin gözləri önündə güllələmişdir. Bu hadisə 79 il əvvəl baş versə də, Rəis bundan öz rəqibinə qarşı ustalıqla istifadə edir. Halbuki Kamal Qılıcdaroğlu o hadisə baş verəndən dörd il sonra dünyaya gəlib.
Bu məqam Ərdoğanın seçki kampaniyasının strategiyasını təşkil edir. Hazırda Ərdoğan prezident seçilərsə qarşıdakı dönəmdə vətəndaşa nə verəcəyi barədə demək olar ki, həç bir vəd vermir. Ərdoğan komandası seçki təbliğat-təşfiqatı zamanı yalnız CHP-ni qaralamaq və Kamal Qılıcdaroğlunun verdiyi vədləri yalanlamaqla, orada türk dünyasına qarşı "xəyanət" axtarmaqla məşğuldur.
Məsələn, təbliğat çıxışında Qılıcdaroğlunun "mən Türkiyəyə 300 milyard dollar sərmayə gətirəcəm" deməsi Ərdoğan komandasını hövsələdən çıxrıb. Komanda bir həftədir ki, Qılıcdaroğlunun bu ifadəsinin yalan vəd olduğunu sübut etməklə məşğuldur.
Ərdoğan komandasının Qılıcdaroğlu təbliğatında tapdığı sonuncu "mənfi detal" Azərbaycan cəmiyyəti üçün xüsusi marağa səbəb olub. Belə ki, Qılıcdaroğlu bugünlədə Türkiyədən Çinə uzanacaq quru və ona paralel dəmir yolu nəqliyyat dəhlizi layihəsini nümayis etdirdi. Belə görünür ki, layihə Azərbaycandan yan keçəcək. Layihənin əsas prinsipi dənizləri kəsmədən onun limanlarını birləşdirməkdir. Belə olan halda Azərbaycan Orta Asiya və Üzaq Şərqdən Xəzər dənizinin su hövzəsi ilə təcrid edilibsə, bu layihə Azərbaycandan necə keçə bilər? İkincisi isə Azərbaycanın bu layihəyə heç ehtiyacı da yoxdur. Çünki həmin ölkələrlə Azərbaycnın daha ucuz başa gələn və daha etibarlı nəqliyyat dəhlizləri hazırda mövcuddur. Sadəcə Ərgoğanın təbliğat komandasının bir işarəsi Azərbaycan cəmiyyətini hərəkətə gətirib. Bu hərəkətlilikdən isə AKP "məharətlə" istifadə edir.
Əvvəla, yuxarıda qeyd etdiyimiz kimi, Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycan-Turkiyə münasibətləri sürətlə inkişaf edəcək. Hətta, bu münasibətlərin konfederativ dövlət səviyyəsinə qədər yüksəlməsi müm-kündür. Bunu yalnız "Ərdoğan sevgisi" ilə bağlayanlar ciddi şəkildə yanılır. Bu iki dövlət strateji baxımdan bir-birinə möhtacdir. Bu gün Azərbaycandan daha çox bu birliyə Türkiyənin ehtiyacı var. Ona görə də heç kim düşünməsin ki, bu birliyi Ərdoğan yaradıb və onu özü ilə də apara bilər. Xeyir, bu birliyi heç kim dağıda bilməz, hətta, xarici ölkələr belə... Ona görə ki, Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan əsas amil neft-qaz əsas ixrac boru kəmərləri və onlara paralel uzanan Bakı-Tiflis-Qars dəmir yolu xəttidur. Bu layihələr isə dünyanın ağası olan anqlosaksonların (Böyük Britaniya, ABŞ və Kanada) marağına uyğun bir nəqliyyat dəhlizidir.
Digər tərəfdən, Türkiyə beynəlxalq gücə malik bir qüvvəyə çevrilmək üçün həm siyasi, həm mədəni, həm də coğrafi baxımdan türk dövlətləri ilə birləşməlidır. Coğrafi baxımdan bu bağlantının yeganə etibarlı yolu isə hazırda Azərbaycan üzərindən keçir. Qılıcdaroğlunun təklif etdiyi, Azərbaycandan yan keçəcək nəqliyyat dəhlizi isə ən azı İran üzərindən keçməlidir ki, bu amil layihənin indiki şəraitdə etibarlılığını ciddi şübhə altina alır.
O ki qaldı "biz qardaşıq", "Bir millət, iki dövlət"ik kimi ifadələrə, bunlar hamısı siyasi rəssamlıq bəzəyi, siyasətə vurulan naxışdır. Osmanlı türkləri bütün türk xalqları kimi bizə yaxındir, üstəlik bizim Türkiyə ilə dövlət maraqlarımız daha çox üst-üstə düşür. Məsələ bu qədər sadədir.
Bəzən vətəndaşlarımız düşünür ki, 44 günlük müharibədə Ərdoğan başda olmaqla Türkiyə iqtidarı bizə əvəzolunmaz dəstək verib, biz də onun müqavilində bu seçkidə Rəisə töhfə verməliyik. Əslində isə Türkiyənin bizə verdiyi dəstək onun xalqının iradəsinin və dövlətin maraqlarının ifadəsidir. Hakimiyyətdə başqa birisi olsaydı o, da fərqli davranmazdır. Ona görə də biz bu dəstəyə görə Ərdoğana və ya digər fərdlərə deyil, türk xalqla töhfə verməliyik. Yəni bütün məsələlərdə xalqın iradəsinə dəstək verməliyik, ona hörmətlə yanaşmalıyiq.
Yadınızdadirsa Əbülfəz Elçibəy 1992-ci ildə - türk xalqının ünlü liderlərindən biri olan Turqut Özal iqtidari dönəmində ermənilərin mühasirəsində qalmış əhalini xilas etmək üçün Türkiyədən iki helikopter istəmişdi. Bütün dünya türklərinin sevimli oğlu Elçibəyə Türkiyənin cavabı mənfi olmuşdur. Çünki ordusu tam formalaşmamış, heç bir ciddi gücü olmayan, müstəqilliyi hələ şübhə doğuran Azərbaycan heç kimə, o cümlədən də qardaş Türkiyəyə lazım deyildi.
Türkiyədəki seçkilərə gəldikdə isə biz əsasən qardaş Osmanlı (və ya səlcuq) türklərindən ibarət olan ölkə vətəndaşlarının iradəsi ilə keçrilən seçkinin nəticələrinə hörmətlə yanasmalıyıq. Hər şeydən əvvəl dövləti idarə edən iqtidar vətəndaşların iradəsi ilə formalaşmalıdır ki, yeni hökumət komandası vətəndasların marağını ifadə etsin.
Fikrimizcə, bu seçkilərdə Türkiyə vətəndaşları 20 il hakimiyyətdə qalmış Ərdoğan iqtidarı ilə vidalaşa bilsə bu daha yaxşı olar. Çünki iqtidar üçün 20 il hakimiyyət diktaturaya yuvarlanmağa kifayət qədər əsaslar yaradır. Bu seçkilərdə Türkiyə Ərdoğanı yola sala bilməsə, ölkədə sülalə hakimiyyəti layihəsi işə düşəcək!