"Kitab ona görə oxunmalıdır ki, o düşüncə formalaşdırır" - Məmməd Talıblı

 

Bu gün Ümümdünya Kitab və Müəlliflik Hüququ günüdür.

Kitab bir dəyər və dəyərli əmtəə olmaqla cəmiyyət üçün əlahiddə mənəvi gücə sahibdir. Kitabsızlıq sadəcə cəmiyyətin “kitabını bağlamaq” anlamına gəlir.

Kitabsızlıq bundan başqa nə deməkdir?

• Milləti kütləyə çevirmək cəhdidir;

• Cəmiyyətdə ziyanın azalması və qaranlığın artmasıdır;

• Yaradıcı nəsli lümpenləşdirmək niyyətinə xidmət edir;

• Kitaba nifrəti təqdir etməklə, bahalı avtomobillə fəxr etməyi ictimai zövqün fövqünə qaldırmaqdır;

• Cahilliyi artıran və kamilliyi azaldan nəsnədir;

• Sivil cəmiyyəti qısır sosial orqanizmə çevirməkdir;

• Avropaya yolları bağlayıb, yolsuzluğa (korrupsiyaya) yol göstərməkdir;

• Evlərdəki kitab rəflərini gözqamaşdırıcı əşyalarla əvəzləməyi təbliğ etməkdir;

• Cəmiyyətin vicdan əmsalının barometrini dənizə atmaqdır;

• İctimai nəqliyyatda telefonla məşğul olmağın kitab oxumaq ənənəsindən üstün tutulmasıdır;

• E-informasiyaların bilgi adı ilə beynimizdəki “anbar”a səliqəsiz formada yığılmasıdır;

• Müğənniləri yuxarı başa çıxarıb alimi onun paltarının tozunu silməyə təhrik etməkdir;

• Kitab istehsal edən nəşriyyatları bostan məhsullarının istehsalı üçün texnoloji və istehsal təyinatının dəyişməsinə təhrik etməkdir;

• Bir millətin övladlarının Nobel mükafatı almaq iddiasının qarşısını almaqla, onun dünya insanı olmaq ambisiyasını əngəlləməkdir;

• Mədəni münasibətləri və mənəvi ehtiyacları yox, mədəmizin ehtiyaclarının daha çox ödənməsinin vacibliyinə diqqəti cəlb etməkdir;

• Kütləvi intihar cəhdlərini tormozlayan və insanların ruhi-psixoloji müvazinətini təmin edən faktordur;

• İdarəetməni modern menecmentin tələblərinə uyğun yox, dədə-baba qaydası ilə idarəetmə yoluna qaytarmaqdır;

• Modern düşüncə sistemindən imtina edərək orta əsr zehniyyətinə qayıtmaq cəhdidir.

Kitab ona görə oxunmalıdır ki, o düşünc ə formalaşdırır. İnsanı biofizioloji varlıq olmaqdan çıxararaq sosial varlığa çevirir. Onu düşüncəli varlıq olduğunu və digər canlılardan yalnız şüur səviyyəsinə görə fərqləndirdiyini sübut edir.

P.S. Müəllifi olduğum "Elm-kitab-müəllim üçbucağı" kitabıma istinad etmişəm.

0.021202087402344