“Hindistan bu rolu oynaya biləcək yeganə qlobal oyunçu ola bilər” “Politico”

“Hindistan bu rolu oynaya biləcək yeganə qlobal oyunçu ola bilər” - “Politico”
 

Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün sülh danışıqlarında arxalanacağı ideal vasitəçi tapıb.

Paralel.az xəbər verir ki, bunu “Politico” nəşri yazır. Yazıda həmin vasitəçinin Hindistanın Baş naziri Narendra Modi olduğu bildirilir.

Nəşrin yazdığına görə, yüksək rütbəli bir Ukrayna rəsmisi deyib ki, Kiyev sülh müqaviləsi imzalanmasında vasitəçilik üçün Hindistana böyük ümidlər bağlayır: “Yayda Kiyevlə danışıqlar zamanı Modi açıq şəkildə bildirdi ki, Ukrayna Moskvanın hücumuna son qoymaqdan ötrü istər-istəməz bəzi məsələlərdə güzəştə getməli olsa da, müharibəni dayandırmaq üçün təkliflər hər hansı ərazinin Rusiyaya təhvil verilməsini ehtiva etməməlidir”.

Məqalədə qeyd edilir ki, Hindistan ardıcıl olaraq Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən çəkinsə də, suverenliyin, ərazi bütövlüyünə hörmətlə yanaşılmasının və müharibənin dayandırılmasının tərəfdarıdır. Bu baxımdan, görünür, digər mümkün namizədlər arasında vasitəçilik üçün yeganə real variant Hindistandır.

“Politico”-nun qeyd etdiyi kimi, İsveçrə və Avstriya Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində Aİ-nin tərəfində olublar. ABŞ və Moskva arasında münasibətlər dərin böhran vəziyyətindədir. Səudiyyə Ərəbistanının sülhməramlı rolunu oynamaq cəhdləri uğursuzluğa düçar oldu, Çin Moskvanın müharibə səylərinə fəal kömək etməkdə günahlandırıldı, Braziliya hökuməti isə bu ay Zelenski tərəfindən “Rusiyanın tərəfini tutduğuna” görə tənqid olundu: “Hindistan bu rolu oynaya biləcək yeganə qlobal oyunçu ola, ya da ən azı, Moskva və Kiyevə münasibətdə özünü bitərəf ölkə kimi inandırıcı şəkildə təqdim edə bilər”.

Qeyd edək ki, daha əvvəl Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar Hindistanın Ukrayna ilə bağlı hələ sülh planının olmadığını deyib. Lakin o, sülhün bərqərar olacağına ümid edərək, Rusiya və Ukrayna ilə daim məlumat mübadiləsi apardıqlarını əlavə edib.

0.018161058425903