“Səba” yaratdığı şirkətlərdəki paylarını satır

“Səba” yaratdığı şirkətlərdəki paylarını satır
 

Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.

"Azpolitika" xəbər verir ki, sirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki “Səba” ASC-yə məxsus payların satılması da daxil edilib.

Ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Səba” ASC-nin Direktorlar Şurası barədə;

2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılmasına dair əqd barədə;

5. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin birgə təsisçiliyi ilə yaradılmış “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı “Qarabağ Taxıl” MMC-yə məxsus payların satılmasına dair əqd barədə;

6. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;                                                                                                                                

7. “Səba” ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. “Səba” ASC-nin birgə təsisçiliyi ilə yaradılmış “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə;

9. “Səba” ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

10. “Səba” ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.

Xatırladaq ki,  "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdu. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir. "Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.

Qeyd edək ki, bir müddət əvvəl "Səba" ASC-nın aktivlərinin  "Chicken Pro." MMC şirkəti tərəfindən alındığı xəbəri yayıldı. Nəzərə alsaq ki, "Chicken Pro." MMC şirkəti “Səba” ASC-nin törəmə şirkətidir, satışa məhz “Səba”-nın səhmlərinin çıxarıldığı ehtimal etmək olar. 

Bu və yuxarıda qeyd edilən iclasın gündəliyi “Səba”-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkət özünün əhəmiyyətli aktivlərini niyə satışa çıxarsın ki...?

Elman

0.012411117553711