FƏDAKARLIQ - Yaşar Nəzərov

FƏDAKARLIQ - Yaşar Nəzərov
 

Həyatımızın çatışan və çatışmayan nüanslarına diqqət yaranıb. Gecədən ölkəmizin səadəti haqqında düşünürəm. Ona çatmağın hər variantı fədakarlıqdan keçir. Fədakarlıq varla, dövlətlə ölçülmür. Çünki fədakarlıq özünü sipər etməklə fəda etməyi bacarmaqdır.

Fədakarlıq olmayan yerdə qısqanclıq, paxıllıq, soyğunçuluq, hegemonluq baş alıb gedir. O yerdə cəmiyyət də, fərdlər də fəlakətə sürüklənir. Bir ana min bir zəhmətlə, üstəlik uşaq pulu və başqa imtiyazlar olmadan uşaq böyüdürsə, vətəndaş mübarizə meydanında haqsızlığa qarşı olursa, bunlar fədakarlıq nümunələridir.

Fədakarlıq etməyi istəyiriksə, fəda etməyə bir şeyimiz olmalıdır. Canımızdan böyük varlığımız yoxdur. Çünki insan nə qədər doludursa, o qədər daşa bilər.
Sevgidən mərhum olan, nəfsi ilə mübarizə aparmayan iradəsiz bir insan kimin və nəyin üçün necə fədakarlıq edə bilər?! Bir də fədakarlıq özünü unutmaq, başqaları üçün yaşamaq və bu yolda köhlən atlar kimi son mənzilə qədər çapmaqdır. Mövlənə demişkən:

"Bir şam başqa bir şamı yandırmaqla, işığından heç bir şey itirməz. Bəlkə də yandırdığı bu işıq, dünyasını daha da işıqlandırar və onu əbədi səadət yolçusuna çevirər".
Ölkəmizin naminə! Ölkədə isə "insan can hayında, qəssab piy axtarır". Amma səadət isə təminatlı, ləyaqətli və hörmət edilən vətəndaşdan keçir. Rəqabətə dözümlü, inkişaflı iqtisadiyyatdan, pürrealizmdən və azad sözdən keçir...
Bir sözlə dörd fundamental dəyərdən:

Azadlıq, Ədalət, Həqiqət, Həmrəylikdən keçir. Və onlara şərəf verən fədakar insanlardan keçir!..

"Paralel.az"

 

0.021214008331299