Vaqif Yusifli - 75

Vaqif Yusifli - 75
 

 

Vaqif Yusifli ədəbi prosesdə iştirak edən elə bir şəxs(lər) yoxdur ki, onun haqqında öz rəy və mülahizələrini bildirməmiş olsun. Bəlkə indiyədək minlərcə qələm adamları haqqında resenziyalar yazıb - əksəriyyətini də müəlliflərin xəbəri olmadan, onlara könül xoşluğu ilə, sürpriz olaraq qəzet və jurnallarda təmənnasız dərc etdirib.
Belinskiyə görə, “Həyat haradadırsa, poeziya da oradadır və deməli, poeziya üçün məzmun da oradadır. Yalnız məzmun hər bir şairin – həm dahi, həm də sadəcə istedadlı şairin həqiqi meyarı ola bilər”.
V.Yusifli də həqiqi meyarı yalnız aktual və müasir məzmunu ilə ölçülən şairlərin qiymətləndirilməsində yüksək rolu və imzası olan vicdanlı, obyektiv, qərəzsiz tənqidçilərimizdən bəlkə də birincisidir.

P.S.Təxminən saat 10 radələrində “Kredo” redaksiyasında idim. Mənə kimsə dedi ki, səni yuxarıda “Ədalət” qəzetində Vaqif Yusifli axtarır.
Görüşdük və gözləmədiyim halda özündən eşitdim ki, mənim “Bakıdan Yardımlıya səyahət” poemam haqqında gözəl bir məqaləsi dərc olunub. Allah şahiddir ki, ondan bu məqaləni yazmağı xahiş etməmişdim.
Həmin məqalənin son abzası aşağıdakı sözlərlə bitir:
“Vətən məhəbbəti, Azərbaycana sevgilər kiçik bir kəndə, balaca bir rayona, o kənddə və rayonda yaşayan insanlara, Dağa, Meşəyə, Zirvəyə, Qayalara, Gülə-Çiçəyə məhəbbətdən başlayır və "Bakıdan Yardımlıya səyahət" yaddaş-poemasında da Hafiz Rüstəm elə bu ideyanı şeir dililə ifadə edib:
Mənim göz açdığım balaca kənddən,
Ucqar əyalətdən başlanır Vətən.
Ordan yola çıxan, bitmək bilməyən
Seyrü səyahətdən başlanır Vətən.

Ana laylasından, ana dilindən,
Qorqudun çaldığı qopuz telindən,
Şumer yazısından, Oğuz elindən
Tarixi şöhrətdən başlanır Vətən.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
“Ədalət” qəzeti, 6 sentyabr 2014
P. S. Mən özüm də bir müddət əsasən "Kredo" da bəzi istedadlı şair və yazıçılar haqqında ən azından bir qəzet səhifəsi həcmində ədəbi-tənqidi məqalələrlə çıxış edirdim. O qədər populyarlaşmışdım ki, tanınmış, yaxud tanınmamış bəziləri əsərlərini avtoqrafla gətirib məndən nəsə yazmağı xahiş edirdilər.
Sonralar onlardan bəziləri o dərəcədə məşhurlaşdılar ki, heç məqaləmin getdiyi kitab təqdimatı mərasimlərinə məni dəvət etmədilər, yaxud məni kitablarının təqdimatına dəvət edən bəziləri çıxış edəcək məşhur "professor və akademik" bolluğundan məni qəsdən görməzdən gəldilər. Bu cür qədirbilməz" istedadların təxəyyül məhsullarına qızıl kimi vaxtımı və zehniyyətimi sərf etdiyimə indi çox peşman olduğumu gizlədə bilmirəm.
Öz təcrübəmdən bilirəm ki, ədəbiyyatşünaslıq sahəsində daha çox və dəyərli xidmətləri olan V. Yusifli bu kimi qədirbilməzlərdən nələr çəkib, çəkir və bu psixoloji çəkəçək onun peşəkar fəaliyyətində hələ davam edəcək!
Cəfakeş tənqidçimizə bu qədirbilməz ədəbi prosesdə səbir və dəyanət diləyirəm!
P.S. V.Yusifli həm də seçilmiş əsərlərimin I cildinə bu dəfə şəxsi xahişimlə Ön söz yazıb ("H.Rüstəmin gənclik şeirləri").
Bu böyük qələm dostumuzu, yorulmaz ədəbiyyat fədaisini ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Müəllif: Hafiz Rüstəm

Paralel.az

0.015482187271118