Akademikin dost direktora "QIZIL" məsləhətləri və vədi - "Səni də Pirsöyünlü kimi akademik edəcəyəm"

Akademikin dost direktora
 

İdris Abbasov:
Korrupsiya qanı ilə bəslənmiş akademik, saxtakarlıq qanında pörtmüş-qızarmış dost direktoru təlimatlandırır, yaxşı insanları sıradan çıxarmağın yollarını ona başa salır. Bunun üçün “yaxşılıq etmək” üsulunun qızıl məziyyətlərini izah edir:
– Qulaq as, Kəliş. Səni direktor etmək üçün nələrimdən keçmişəm, bir Şeytan bilir, bir də mən. Elə bilmə, verdiyin üç yüz min nəyəsə yaradı. Canımı qoydum sənin yolunda. Barı etimadımı doğrult! Yaltaqlığqda məndən geri qalmırsan, bilirəm. İlk olaraq çalış ki, yaxşı tərif deyəsən, özünü dövlətçi, vətənpərvər, hökumətcil, yeyimcil elm təəssübkeşi kimi göstərəsən. Bilirəm aktryorluğu yaxşı bacarırsan. Bacarmasaydın, bu məqama gəlib çatmazdın. İndi burada çalıb-oynamağın üçün hər şərait var. Çal, oyna, amma çapmağı və hesab ötürməyi unutma! Çox “yağlı tikələr” gəlib keçəcək əlindən. Mən də öz xətlərimdən istifadə edib yaxşı büdcə ayrılması, çoxlu magistr, dissertant, doktorant yerləri alınması üçün əlimdən gələni edəcəyəm. Amma tək yeməyəsən ha. Kvartalda hesabı çatdırarsan, sələflərin kimi səni də yekə bir akademik edəcəyəm. Kəlişcan, ancaq elə oyna ki, iç üzümüz açılmasın; ikincisi, mənəviyyatı küllənmiş, dövlət, xalq anlayışından bixəbər, inək kimi sökməyə vərdiş etmiş, tutuquşu kimi ötən və çirklənmiş alim-üləmaları, gözükölgəli plagiatorları, quşəppəyi lotuları, üzəduranları, əliəyriləri, bir sözlə, şərə və Ulu Şeytana səcdə edənləri başına topla, vecinə alma, dəstək verəcəyəm; üçüncüsü, elmi məna və məzmundan məhrum əsərlərin sayını bol elə, necə deyərlər, “üstü bəzək, içi təzək” prinsipi ilə dövlət büdcəsindən və doktorant, dissertantlardan bacardığın qədər çoxlu pul qopar. Biz bu millətin maariflənməsinə, həqiqi elmin çiçəklənməsinə imkan verməmək, maksimum mənəviyyatsızlığı yaymaq missiyasını boynumuza götürmüşük. Bunu unutma! Elə etməliyik ki, milli təəssübkeşlərin ürəklər partlasın. Düzgünlük axtaranlara bacardıqca acıq ver, psixoloji təsir göstər, dövlətin və qanunların yoxluğunu hiss elətdir ki, ümidsizliyə düçar olub ölkədən qaçsınlar. Bu dövlətə, bu xalqa nə qədər çox ziyan vursaq, Ulu Şeytan bizi bir o qədər çox sevəcək. Gəncliyimdə başıma elə oyun açıb ki, bu millətin nmümayəndələri, açıb-bükə bilmirəm. Xatırlayanda kimsəsiz səhra xaosu vücudumu sarır. Dözdüm, yer tutdum, indi də qisasımı geninə-boluna alıram.
Hə, Kəliş, hələlik, bunları həzm elə, ardını deyəcəyəm. O institutda haqdan, düzlükdən danışan, rüşvət almamaqla, kasıblığı ilə bizə göz dağı verən Səlim Vüqarlı adlı birisi var. Onu “yaxşılıq etmək” metodu ilə necə gözdən salıb neytrallaşdırmağın yolunu deyəcəyəm. Məsələn, işçilərin içində Nacinuin ayağına dur, ehtiram göstər, dil-ağız et, onun mənasız bir probleminin həlli ləngiyərsə, qışqır müavinlərinin, əlinin altında olan müdirlərinin, qolbəyilərinin üstünə, kollektivdə Nacini o ki var, təriflə, “yaxşılıq” etdiyini nümayiş etdir, arxada rahatca qəbrini qaz, kəfənini biç! Səlim Vüqarlı sənin şeytani əməllərinə qarşı çıxsa, camaat dərhal onu nankor, çörək itirən, yaxşılıq bilməyən, səni isə xeyirxah, yaxşı adam kimi tanıyacaq. Karyerada yüksəlməyin üçün hələ sənə açacağım çox sirlər var!çox priyomlar, bala-bala deyəcəm ”.
– Akademik Zırbo Bədxahbəyoviç! Heç doğma atam da mənə belə yaxşılıq etməmişdi. Ayağınızın altında ölsəm də, azdır. Bir ricam var, qurban olum, məni də o Pirsöyünlü kimi tez-bazar akademik edin!
– Səbr elə, Kəliş. Akdemiyanı ikiyə kəsiblər. İndi əvvəlkindən də yaxşıdır. Öz əlimiz, öz başımız. Hər şey akademşəbəkənin xeyrinə olacaq!

Paralel.az

0.029467105865479