Misir Mərdanov "Millətçi" olub? - Qəbih yanaşma: "...ailəsi azərbaycanlı deyil"

Misir Mərdanov
 

İdris Abbasov:
Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov mətbuata Ramiz Mehdiyevin ailəsindən danışıb və deyib ki, eləsindən nə gözləyəsən: “Ramiz Mehdiyevin ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”
Bərəkallah, möhtərəm və təhsilimizi zay etməklə göz yaşlarımızın qurumasına imkan verməyən 15 illik təhsil nazirimiz!
Ay acı göz yaşlarımızın səbəbkarı! Birinin ailəsi azərbaycanlı olmayanda nə olur ki? Guya özünüzü qatı millətçi kimi göstərmək istəyirsiniz, ya noolub?
Heç hənanın yeri deyil axı!
Cənab Mərdanov, başqasının ailəsini milli mənsubiyyətinə görə qınamağınız millətsevərliliyinizdən irəli gəlmir , təbii ki! Millətsevərlik dövlətin və xalqın maraqlarını göz bəbəyi kimi qorumaqdır.
Onu da diləyim ki, dövlət büdcəsini talayaıb xalqın cibini soyaraq lüks həyat sürənlərin saxta millətçilikləri başlarında çatlasın! Xalqa milli-irqi ayrıçeçkilik provokasiyaları deyil, ədalətli cəmiyyət, mənəviyyat, dürüstlük, onun ailə-uşağına çörək, keyfiyyətli təhsil və s. lazımdır.
Sizin milliyyətcə azərbaycanlı olan ailəniz və özünüz gəlin, 1 ay mənim ailəmin və mənim həyatımı yaşayın görək, yaşaya bilərsinizmi? Milli şüarlardan, düzlükdən, ədalətdən, dövlətçilikdən danışıb təhslili, elmi öldürmək hesabına cibini doldurmaq, xalqı soymaq, dövlətə kələk gəlmək əclaflıqdır, alçaqlıqdır! Belə faktlardan yüzlərlə göztərə bilərəm.
Nazir, akademik, direktor, rektor olmaq o demək deyil ki, özün xalqın balalarına düşən haqqı qamarlayıb cibini doldurasan! Bax, bu məsələlərin araşdırılmasında millətsevərlik, dövlətsevərlik və ya xəyanət və satqınlıq ortaya çıxar.
Yoxsa qanlı pulların içində buğlana-buğlana xalqın başında oturub mənasız fikirlər səsləndirmək nə alimə, nə də ağlı başında olan vətəndaşa başucalığı gətirməz.
Bir başını qaldır dünyaya bax. Elə qonşu Türkiyəyə boylan! Ölkənin iqtisadiyyatını inkişaf etdirən, siyasətini yürüdən şəxsləri görəcəksən: Turqut Ozal, Hikmət Çətin, Ərdoğan və s. Böyük Britaniyada Hindistan əsilli şəxs Baş nazir olur, amma ölkə iqtisadiyyatı irəli gedir. Biz isə azərbaycanlı “imtiyazlı” Misir Mərdanovu nazir qoyuruq, təhsil başlayır acı göz yaşları tökməyə və ölməyə, Səlim Müslümovu digər nazir postuna qoyuruq sosial həyat boz-bulanıq selə dönüb axır...
Siz azərbaycanlı olub hansı xariqüladələr yartmısınız, ay Misir müəllim? Elmi hələ demirəm, rüşvətin amansızlıqla qətlə yetirdiyi təhsil böyrü üstə yıxılıb qan ağlayır, qan! Ürəyiniz soyuyurmu?
Siz də yığdığınız imkanların üstündə şad-xürrəm oturub filankəslərin ailələrinin hansı millətə mənsub olduğunu vaveylalayırsınız. Gəncliyinizdə bir cür, qocalığınızda da bir başqa cür edirsiniz. Yəqin çox darıxırsınız?
Düzünü deyin, görək, 15 il nazirliyiniz dövründə təhsildə hansı o “inkişaf və irəliləyiş" baş verdi və nəticəsi niyə belə acınacaqlıdır? Yoxsa xalqın səafalət çəkdiyi bir vaxtda sizin və əhli-əyalınızın maddi vəziyyətinin Everestə doğru istiqamələnməsini ölkənin inkişaf və irəliləyişi hesab edirsiniz? Halal yol tutan həmkarlarınızın kasıb həyatına baxıb ləzzət almağı tərəqqimi sayırsınız? İndi də tutubsuznuz ki, filankəsin ailəsi gürcüdür, almandır, çeçendir, nə bilim, ləzgidir...
Allah xatirinə, heç olmasa, yaşınızın bu çağında xalqa rəhminiz gəlsin. Danışırsınızsa, özünüzdən, ən pis halda, dost və həmkarlarınızdan başlayın, vəzifədə olarkən şəxsi iqtisadi nailiyyətləriniz barəsində açıqlama verin, bacarırsınızsa, yığdıqlarınızdan onlarda haqqı olan kasıblara əl tutun və ilk olaraq xalqın yaşam vasitəsi olan maliyyə həqiqətlərini etiraf edin!

Paralel.az

0.019371032714844