“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin Balakən sakinlərilə keçirdiyi görüş nəyə xidmət edir? - FOTOLAR

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin Balakən sakinlərilə keçirdiyi görüş nəyə xidmət edir? - FOTOLAR
 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ  Sosial Məsuliyyət Komitəsi (KSM Komitəsi) 30 sentyabr tarixdə Balakən rayonunda yerli sakinlərlə görüş keçirib.

“Köhnəmədən” Gərəkli, Mahamalar, Mazımqaray, Salban kəndlərinin sakinləri ilə keçirilən görüşdə QSC-nin İdarə Heyəti səddrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov iştirak edib.

Sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Xəyyam Fərzəliyev çıxış edərək, “Köhnəmədən” sahəsində yerləşən “Filizçay” polimetal yatağında görülən işlər və yeniliklər barədə məlumat verib.

Görüş iştirakçılarına məlumat verilib ki, “AzerGold” QSC-nin ən irihəcmli layihələrindən olan “Filizçay” yatağının istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların yekunlaşdırıldığını və yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin təmin edildiyini bildirən sədr müavini hazırda yatağın filizlərinin optimal zənginləşdirmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatların davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Xəyyam Fərzəliyev yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimində start verilməsinin, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasının planlaşdırıldığını bildirib.

Görüşdə “Filizçay” yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin edilməsinin hədəf olaraq müəyyən edildiyi vurğulanıb. Bundan əlavə, yatağın istismara verilməsinin 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyi qeyd edilib.

Görüşdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov çıxış edərək, “AzerGold” QSC-nin dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübəyə və standartlara əsaslanan fəaliyyətinin təkcə Balakən rayonunun deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına kifayət qədər müsbət təsirləri olacağına əminliyini ifadə edib.

Tədbirdə yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində “AzerGold” tərəfindən icra edilməkdə olan sosial layihələr barədə də məlumat verilib.

Bildirilib ki, QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, hasilat fəaliyyəti aparılan bölgədə yaşayan ailələrin qayğı ilə əhatə olunmasıns xidmət edir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Komitə sədri müraciətlərin nəzərə alınması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib. Tədbirin sonunda isə kənd sakinlərinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib.

Qeyd edək ki, KSM Komitəsi tərəfindən Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcəkdir.

Redaksiyadan: Təəssüflə qeyd edək ki, "AzərGold" QSC-nin öz fəaliyyət barədə vaxtaşırı olaraq ölkənin media resurslarında QSC-nin dövlətə verdiyi mənfəət barədə ictimaiyyətə real inkişafı əks etdirən təhlil təqdim etmək əvəzinə yuxarıdakı kimi mənasız və məntiqsiz materiallar dərc olunur.

Ölkə mediasında yayılan bu cür feyk materiallar sübut edir ki, "AzərGold" QSC rəhbərliyi ölkənin əlvan, xüsusi ilə qızıl ehtiyatlarının istehsalı və dövlətə verdiyi fayda barədə konkret heç bir sanballı informasiya yükü olan məlumat vermir.

Acınacaqlı haldır ki, ölkə ictimaiyyəti "AzərGold" QSC-nin fıaliyyəti barədə bu günə kimi, mükəmməl məlumata malik deyil.

0.025798797607422