Dünya Universitetlərinin Akademik Reytinqləri və bizim mövqe - V Yazı
Ped.ü.f.d. Vüsal Kərimli
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq, 2028-ci ildə Dünyada top 800-də təmsil olunacaq Azərbaycan universitetlərinin sayı 3 rəqəmi qoyulub. İndi analiz edək görək, bunu reallaşdırmaq mümkündürmü...
Strategiyada 2018-ci ildə 402 baldan 2028-ci il 422 balı yazmaqla TOP 800-ə cıxmaq mümkündürmü?
20 balla mümkün 3 universitetin TOP 800-ə düşəcəyi iddia edilir. Digəri isə Dövrün sonuna beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının bazayla müqayisədə 40% artması hədəflənir.
22-08-2022 tarixli www.paralel.az -da çap olunan məqaləmdə göstərildiyi kimi, hazırda ölkəmizdə 20.522 tədqiqatçının ümumi olaraq son 30 ilin göstəriçilərinə əsasən beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayı 10.215 təşkil edir. Bu isə 2 alim/tədqiqatçıya 1 məqalə deməkdir və bu 10.215 məqalədən BDU-nun payına düşən məqalə sayı isə 2459-dur. Xahiş edirəm 2459 rəqəmini yadda saxlayasınız.
Reytinqlər:
İlk olaraq Beynəlxalq reytinqlərin tələblərinə baxaq. Bildiyiniz kimi dünyanın 4 (dörd) əsas reytinq agentliyinin keçirdiyi Dünya Universitetlərinin Akademik Reytinqi (World University Rankings bundan sonra WUR kimi adlandırılacaq) və onlar aşağıdakılardır:
1. Quacquarelli Symonds (QS);
2. The Academic Ranking of World Universities (ARWU);
3. Times Higher Education (THE);
4. The CWTS Leiden Ranking.
Bunların ortaq tələbi isə tələbə-müəllim nisbəti, xarici yerli tələbə nisbəti, akademik reputasiya, və son 5 ildə 1000+ məqalə və onlardan gələn istinadların sayıdır, yəni H (hirş) indeksi.
Times Higher Education (THE) - WUR 2022-ci il nəticələrində 99 ölkənin 1600 universiteti arasında Azərbaycan Unversitetlərindən yalnız Bakı Dövlət Universiteti 1201+ sırasına düşə bilmişdir. Bu reytinqə düşmək üçün BDU son 5 ildə 1064 məqalə (son 30 ildə 2459 rəqəmi) ilə düşə bilmişdir. Bu məqalələri diqqətlə araşdırdıqda mütləq əksəriyyəti AMEA-nın tədqiqat institutlarının əvəzçi və ya saat hesabı müəllimlərin hesabına ərsəyə gəldiyinə şahid oluruq. Gürcüstan Respublikasından 2 universitet siyahıya daxil ola bilmişdir. Bunlar Tbilisi Dövlət və İlya Dövlət Universitetləri olmuşdur (1201+).
*Times Higher Education (THE) - WUR 2022-ci il nətiçələrinə görə siyahıya Oxford Universiteti son 5 ildə 320.645 məqalə ilə düşə bilmişdir. UNEC-in bazsında 300+ məqalə var idi. Son 1 ildə Scopus elmmetrik bazaya tam giriş olmadığı üçün dərin təhlilər apara bilmirəm.
Elmi araşdırma və nətiçələr:
Ölkəmizin H (hirş) indeksi ilə bağlı vəziyyəti haqqında 21-08-2022 tarixli məqaləmədə qeyd etmişdim*. 242 ölkə arasında 94-cü, Gürcüstan isə 81-ci yerdə qərarlaşmışdır.
Clarivate (Web of Science) elmi bazasına əsasən Azərbayacan 224 ölkə içərsisində 119-cu yerdə qərarlaşıb.
Sizcə yuxarıda göstərilən hədəflər realdırmı? Əgər realdırsa, onda reallaşma metod və üsullarını biz də öyrənmək istərdik…
Nətiçə:
Beynəlxalq reytinqlərin tələblərinə baxdıqda 2028-ci il üçün hədəflədiyimiz 3 universitetimizin Top 800 reytinqə daxil olması real görünmür. Nəzərə alaq ki biz məqalə sayını artırdıqca dünya universitetləri də irəli gedir. Onlar bizdən fərqli olaraq daha planlı və təhcizatlı işlərini qururlar ki, nəticələr də tam başqa olur...
Bu hədəfləri hazırlayan şəxslər hansı metodoloji analizlərdən və üsullardan istifadə edirlər ki, bizlər o barədə heç bir məlumat və mənbəni tapa bilmirik, ya da hansı ekspertləri bu prosesə cəlb edirlər ki, onlar haqqında da paylaşımlar etmirlər... Məncə görülən xeyirli işləri tam şəffaf və ictimaiyyəti məlumatlandıraraq etmək çox faydalı olar ki, artıq söz-söhbətə də səbəb olmaz.
Tövsiyyələr:
1. Ölkənin mövcud elmi potensialı analiz olunmalıdır;
2. Bazar araşdırılması edilməlidir;
3. Elmi istiqamətlər müəyyən edilməli və laboratoriya fondunun vəziyyəti öyrənilməlidir;
4. Müvafiq istiqamətlər üzrə alimlərin ATM-nə işə cəlb edilməli və stimullaşdırılmalıdır;
5. Xaricdə yaşayan Azərbaycanlı alimlərin potensialından ciddi şəkildə istifadə edilməlidir;
6. Maliyyə resurları haqqında dəqiq və aydın yol xəritəsi hazırlanmalıdır;
7. Elmi-tədqiqatla məşğul olacaq alim/tədqiqatçıların maddi təminatı yaxşılaşdırlmalıdır.
Mənbələr:
1. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” -https://bit.ly/3pP8fBl
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Təhsil, elm və mədəniyyət üzrə 2020-ci il məlumatı-https://bit.ly/3Kw2Boe
5. Clarivate-https://bit.ly/3QXvHsd