Güney Qafqaz uğrunda mübarizə qızışır - III yazı

Güney Qafqaz uğrunda mübarizə qızışır - III yazı
 

 

Siracəddin Hacı:

Xronoloji təhlil

- İki yazıda bunları vurğuladım: a) Güney Qafqaz uğrunda mübarizə qızışır – səbəbləri, əlamətləri saydım; b) bu mübarizə Rusiya ilə Avropa Birliyi arasındadır; c) mübarizə Azərbaycanı da, Gürcüstanı da əhatə edir, ancaq ağırlıq mərkəzi Ermənistandır – səbəblərini göstərdim; d) bu mübarizədə Qarabağın statusu önə çıxmışdır, sərhədlərin müəyyən edilməsi, yolların açılması, barış sazişinin hazırlanması da önəmli məsələlər sırasında yer tutur; Mübarizənin ağırlıq mərkəzi Ermənistandır dedik, xronoloji təhlilimizi bu ölkədə baş verən hadisələr üzərindən davam etdiririk:
- Putin Paşinyana ad günü münasibəti ilə zəng etdi, iki məsələni önə çıxartdı: Rusiya və Ermənistan tarixi müttəfiqdir, ruslar və ermənilər qardaşdırlar – Rusiya Ermənistana münasibətdə savaşdan öncəki siyasətinə qayıtmağa çalışır, ən azından bu görüntünü formalaşdırmaq istəyir, o, uzun müddət Azərbaycanla Ermənistan arasında tarazlıq siyasəti tətbiq etdi, Avropa Birliyi Güney Qafqaz uğrunda mübarizəsini gücləndirəndən sonra isə Rusiya Ermənistanla əlaqələrinə yenidən baxmaq qərarı verdi;
- Ermənistan müxalifəti deyir ki, İlham Əliyevlə Paşinyan arasında razılaşma var idi, biz razılaşmanı pozduq – bu tezisin iki hədəfi var: a) Paşinyan satqındır; b) mitinqlər öz nəticəsini verdi, yəni biz güclüyük;
- Paşinyan Zəngəzur yolunun açılması ilə bağlı elə bir siyasət müəyyən edib ki, həm müxalifəti sıxışdırır, deyir ki, biz kimsəyə koridor vermərik, həm də bu məsələni Azərbaycana qarşı alver mövzusu kimi təqdim edir. Biz deyirik ki, bu imkanı Ermənistanın əlindən almaq üçün Azərbaycan addımlar atmalıdır: 1) deməlidir ki, yolun açılması Azərbaycan üçün həlledici məsələ deyil, yolun xeyri ən çox Rusiyaya, Ermənistana, sonra Türkiyəyə, ən sonda da Azərbaycana aiddir; 2) Azərbaycan deməlidir ki, Zəngəzur yolu açılmasa, Laçın yolu bağlanacaq; 3) Azərbaycan deməlidir ki, Laçın yolunun statusu nədirsə, Zəngəzur yolunun statusu o olmalıdır;
- Ermənistan müxalifəti xalqı mitinqlərə cəlb etmək üçün Azərbaycan ordusunun yeni ərazilər ələ keçirməsi ilə bağlı şayiələr yayır – bu onların tükəndiyini göstərir;
- Paşinyan İranın prezidenti Rəisiyə zəng edir, Brüssel görüşünün nəticələri, sərhədlərin müəyyən edilməsi ilə bağlı komissiyanın işi, Qarabağ məsələsi müzakirə edilir – Paşinyan deyir ki, İran Ermənistanın tarixi və etibarlı müttəfiqidir;
- Paşinyan bildirir ki, Qarabağın statusunun iki əsası var: təhlükəsizlik və hüquq – o, məsələni status sözü ilə ifadə etmir, bu iki anlayışla dünyaya tanıdır, məsələyə hüquqi don geyindirir, tərəfdarlarının sayını çoxaltmağa çalışır;
- Ermənistan müxalifəti hakimiyyəti sıxışdırmaq üçün sualı belə qoyur: hakimiyyət niyə bu cümləni qurmur: “Arsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq?”;
- Ermənistan hökumətinin suala cavabı budur: Arsax min illərdir erməni torpağıdır, erməni torpağı olaraq qalacaq;
- Türkiyə ilə Ermənistanın münasibətlərinin nizamlanması işində fasilə yaranır, səbəb budur: Ermənistan deyir ki, Türkiyə şərt qoyur, öncə Azərbaycanla münasibət qur. Ermənistan Türkiyə ilə münasibətlərini Azərbaycanla münasibətlərindən ayrı tutur, Türkiyəni prosesdən kənarlaşdırmağa, Azərbaycan və Türkiyə arasında gərginlik yaratmağa çalışır;
- Qarabağın/Arsaxın dövlət naziri Beqlaryan Azərbaycanla Ermənistanın münasibət qurmaq imkanlarını azaltmaq, Rusiyanın mövqeyini gücləndirmək məqsədi ilə açıqlamalar verir: 1) Arsaxın beynəlxalq miqyasda tanınması üçün çalışırıq; 2) Arsax tez, ya da gec Ermənistanın tərkib hissəsi olacaq; 3) Azərbaycanla danışmaq çətindir, belə ki, Türkiyə ona güclü dəstək verir;
- Rusiyanın “RİA Novosti” agentliyi Beqleryanın bu cümləsini önə çıxarır: “Ermənistanla Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı danışıqlar aparırıq, ancaq bir irəliləyiş yoxdur”;
- Beqleryan müsahibəsində belə bir cümlə işlətmədiyini söyləyir – öncə suyu bulandırır, sonra da kənara çəkilir, məqsəd gərginliyi maksimum həddə çatdırmaqdır;  
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Avropa Birliyinin xüsusi nümayəndəsi Klaapı qəbul edir, üç tezis irəli sürür: 1) ATƏT-in Minsk qrupunun fəaliyyəti bərpa olunmalıdır; 2) Azərbaycan münasibətlərin nizamlanması məsələsini tamamilə fərqli biçimdə anlayır; 3) Dağlıq Qarabağ məsələsi həll edilməsə, Azərbaycanla normal münasibət qurmaq mümkün olmayacaq;
Ardı var...
 Paralel.az

0.086024045944214