Etirazçılar İrəvana doğru irəliləyir - Paşinyan XƏBƏRDARLIQ ETDİ

Etirazçılar İrəvana doğru irəliləyir - Paşinyan XƏBƏRDARLIQ ETDİ
 

Ermənistanın Azərbaycanla sərhəddəki Kirants kəndindən başlayan etiraz yürüşünün iştirakçıları Çarentsavan şəhərinə çatıblar.

Etirazçılar sabah saat 13:00-da Çarentsavandan Abovyan şəhərinə çatmağı planlaşdırırlar.

Modern.az xəbər verir ki, mayın 4-də başlayan yürüşə Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik edir.

Etirazçılar mayın 9-da İrəvanın Azadlıq meydanına daxil olmağı planlaşdırırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır.

Bununla da Paşinyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiyaya qarşı yönəlmiş etiraz yürüşünə eyham vurub.

Onun fikrincə, bu hərəkatın məqsədi eks-prezident Robert Köçəryanın hakimiyyətə qayıtmasıdır.

Baş nazir bildirib ki, hələ 2021-ci ildə “Hayastan” blokunun lideri - ikinci prezident Robert Köçəryan kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib.

Paşinyan hesab edir ki, əgər katolikos II Qaregin hansısa hərəkata xeyir-dua verirsə, deməli, bu, hərəkatın liderliyindən başqa bir şey deyil. Onun sözlərinə görə, katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz.

Baş nazir İrəvana doğru yürüyən etirazçılara xəbərdarlıq da edib. Paşinyan mətbuat konfransında inkar etməyib ki, etirazçılar qanunsuz hərəkət edəcəkləri təqdirdə onlara qarşı güc tətbiq oluna bilər.

Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan sərhədin Tavuş vilayəti istiqamətindən delimitasiyaya başlamaq və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəlib.

Daha sonra Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyalarına başlayıb.

 

0.036720037460327