Azərbaycan Gəncləri Günü regionlarda qeyd edilib

Azərbaycan Gəncləri Günü regionlarda qeyd edilib
 

Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Gəncləri Gününü regionlarda qeyd edib
 
      2 fevral tarixi Azərbaycan gəncləri üçün olduqca əlamətdardır, çünki təqvimin bu günü onların günü – Azərbaycan Gəncləri Günüdür. Keçmiş sovet və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilən bu günün tarixi isə Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmış Ümummilli Lider Heydər Əliyevlə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən sağlam, intellektual, zəngin dünyagörüşlü yeni nəsil yetişib. Məhz bu gənclik 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək xalqımızın zəfərində əsas sözü deyib.
       Fəaliyyətində hər zaman gənclərin zamanının səmərəli keçirilməsini qarşısında məqsəd qoyan Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) ölkəmizin 55 şəhər və rayonunda fəaliyyət göstərən nümayəndəlikləri bu günü də maraqlı, rəngarəng və özünəməxsus tərzdə qeyd ediblər.
       İlk öncə region gəncləri günün banisi olan Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbəyə imza atmış Vətən oğullarını ehtiramla yad ediblər.
       Daha sonra gənc qazilər, idmançılar, əlilliyi olan, xüsusi istedada malik gənclərin iştirakı ilə müxtəlif görüşlər, panel müzakirələr, “Müzəffər xalqın gəncləri” adlı konfrans keçirilib.
       Regionlarda ağacəkmə aksiyaları, intellektual və idman yarışları, gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi, teatr tamaşası, stolüstü oyunlar, veloyürüşlər, musiqili-əyləncləri proqram təşkil olunub.
       “Bir gün vəzifə məndə” şüarı ilə aktiv rayon gəncləri nümayəndəliklərdə əməkdaşların vəzifələrini icra ediblər.
       Nümayəndəliklərin fəaliyyətində fərqlənən gənclər “İlin gənci”, “Ayın gənci” nominasiyaları üzrə mükafatlandırılıblar.
               GİKM komandası Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edir, onların hər zaman enerjili və gənc ruhları ilə komandaya rəng qatmalarını diləyir!
               Əziz gənclər, gününüz mübarək!
Şahnaz Salehqızı
Paralel.az

0.023586988449097