Karqo ilə bağlı şikayətlər rəsmi sistemlə qəbul ediləcək

Karqo ilə bağlı şikayətlər rəsmi sistemlə qəbul ediləcək
 

Azərbaycanda vətəndaşlar “E-Şikayət” sistemi üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcək.

Paralel.az bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.

Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Qeyd edək ki, hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək “ASAN İmza” və ya “SİMA Token” (Elektron İmza) giriş üsullarından birini seçib şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.

 

 

0.021438121795654