ECOLEAD layihəsi uğurla icra olunur
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
“Paralel.az ” xəbər verir ki, qurumların rəsmilərinin və əməkdaşlarının, o cümlədən Bakı Dövlət Universiteti tələbələrinin iştirakı ilə keçirilən tədbir zamanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi boyunca Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
Qeyd edək ki, ECOLEAD platforması prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində ətraf mühitin mühafizəsi sahəsində pozuntuların qarşısının alınması, təcrübənin paylaşılması və cəmiyyətin maariflənməsinə yönəlib.
ECOLEAD layihəsi respublika ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədi daşıyır. Layihənin əsası Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında Xankəndi şəhərində keçirilmiş tədbirdə imzalanmış Anlaşma Memorandumu ilə qoyulub, sonra memoranduma Naxçıvan Dövlət Universiteti qoşulub.