Türkiyə-NATO münasibətləri pisləşir? - Ərdoğandan mühüm mesaj

Türkiyə-NATO münasibətləri pisləşir? - Ərdoğandan mühüm mesaj
 

NATO dünyanın əsas təhlükəsizlik təşkilatıdır. Alyansın 32 üzvü var. Türkiyə də onlardan biridir. Hazırda NATO bir hərbi blok olsa da, bəzən alyansa üzv ölkələr arasında fikir ayrılıqları da olur. Xüsusilə, getdikcə güclənən qütbləşmə fonunda digər aktorlar kimi NATO üzvləri də ayrılıqda öz tərəflərini seçir, digərlərinin ambisiyalarının qurbanına çevrilməməyə çalışırlar.

NATO ölkələri arasında Türkiyənin xarici siyasət kursu xüsusilə diqqət çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-da NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, NATO Türkiyənin gözləntilərini doğrultmur.

O bildirib ki, bu, bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir:

"Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik".

Dediyimiz kimi, Türkiyə NATO-nun əsas tərəfdaşlarından biridir. Alyansın xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsində Ankara mühüm rol oynayır. Buna baxmayaraq, Türkiyənin NATO-nun əsas rəqibi olan Rusiya ilə də normal münasibətləri var. Hətta bir çox hallarda Ankara üçün Moskva daha yaxşı partnyor olur, nəinki NATO.

Çinlə bağlı da eyni şeyi söyləmək olar. NATO Çinin güclənməsini istəmədiyi halda, Türkiyə bu ölkə ilə tərəfdaşlıq əlaqələrini müxtəlif səviyyələrdə davam etdirir.

Elə İranla da bağlı NATO-nun əsas üzvləri - ABŞ və Türkiyənin mövqeləri xeyli fərqlidir.

Türkiyə zaman-zaman təşkilatın ümumi tələblərinə və fəlsəfəsinə uymayan, öz milli maraqlarını üstün tutan, bəlkə də, yeganə aktordur. Bu, hər şeydən əvvəl Türkiyənin gücü, qüdrəti, qlobal geosiyasi proseslərdəki rolu ilə bağlıdır.

İkincisi, NATO üzvləri, o cümlədən ABŞ Türkiyənin mövcud gücü və statusu ilə barışır. Ona görə də Ankaranın xarici siyasətindəki bəzi məqamlar, o cümlədən Moskva ilə münasibətlər NATO-nu qane etməməsinə baxmayaraq, qarşılıqlı əməkdaşlıq davam edir. Hərçənd, zaman-zaman rəsmi Ankaraya edilən təzyiqlər də məhz bu dövlətin müstəqil addımları ilə bağlıdır. NATO, əlbəttə, Türkiyənin Rusiya ilə münasibətlərini qəbul etmək istəmir.

Əslində, NATO ilə Türkiyə arasındakı fikir ayrılıqları, Ərdoğanın dediyi kimi, təkcə Yaxın Şərqlə bağlı deyil. Tərəflərin Şərqi Avropa ilə bağlı mövqeləri də fərqlidir: NATO Rusiyaya qarşıdır. Türkiyə isə mümkün qədər balanslı davranmağa çalışır.

Həmçinin Cənubi Qafqaz regionu ilə bağlı da tərəflər arasında ziddiyyət var. Belə ki, rəsmi Ankara Bakı və İrəvan arasındakı sülhü dəstəkləyərək mümkün regional əməkdaşlığa töhfə verməyə çalışır. NATO isə Ermənistanla əməkdaşlığı gücləndirərək bu dövlətin "başının altına yastıq qoyur".

Xüsusilə, ABŞ ilə Ermənistan arasında güclənən əlaqələr, habelə birgə hərbi təlimlər region üçün yaxşı nə isə vəd etmir. Bu, həm də Türkiyənin regional maraqlarının təhdid altına atılması deməkdir.

Məsələnin başqa bir cəhəti perspektivdə NATO-nun parçalanması ilə bağlıdır.

Bu da sirr deyir ki, Ukraynadakı müharibə NATO daxilində müəyyən fikir ayrılıqları yaratdı. Ayrı-ayrı NATO üzvlərinin Ukrayna ilə bağlı mövqeləri heç də eyni deyil. Üstəgəl, üçüncü dünya müharibəsi ehtimalı getdikcə artır. Bu ssenari baş verərsə, Türkiyə bir NATO üzvü kimi Rusiyaya qarşı olmalıdır. Bu isə ən azı indiki an üçün inandırıcı görünmür.

Beləliklə, Türkiyə ilə NATO arasında fikir ayrılıqlarının gələcəkdə daha da güclənməsi və alyansın parçalanması istisna deyil.

"Report" İnformasiya Agentliyi

 

0.011971950531006