Beyin Mərkəzləri Platformasında niyə təhsilə dair beyin mərkəzləri yoxdur?
Bu ərəfədə Bakıda Beyin Mərkəzləri Platforması və onun internet portalının təqdimatı keçirilib. Ölkəmizdə Beyin Mərkəzlərinin yaradılması, bunların bir platformada birləşdirilməsi, fəaliyyətlərinin əlaqələndirilməsi çox təqdirə layiq hadisədir. Bu çoxdan olmalı idi. Yeni yaradıan “Beyin mərkəzləri platforması”nın təsisçiləri: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi, İnkişaf və diplomatiya İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzidir.
“Beyin mərkəzləri platforması”nın missiya belə təyin edilib: beyin mərkəzləri platforması Azərbaycanda daxili, iqtisadi və digər əhəmiyyətli istiqamətlər üzrə ixtisaslaşan beyin mərkəzlərinin şəbəkəsidir. Beyin mərkəzləri platforması 2024-cü ildən fəaliyyətə başlamışdır. Platformanın yaradılmasının əsas məqsədlər:
1. ✓ Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri arasında əlaqə və kommunikasiyanın, uzlaşdırmanın, fikir mübadiləsinin yaxşılaşdırılmasıdır;
2. ✓ Platforma vasitəsi ilə Azərbaycanda aparıcı beyin mərkəzləri Azərbaycan milli maraqlar qarşısında duran vacib çağırışları müzakirə edə, onlara mümkün cavab tədbirləri barədə elmi əsaslandırılmış təklif və tövsiyələr formalaşdıra bilər;
3. ✓ Platforma vasitəsi ilə beyin mərkəzlərinin qərar qəbul edənlər arasında kommunikasiyanın yaradılması;
4. ✓ Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri və onların əsas fəaliyyət istiqamətləri barədə cəmiyyətdə məlumatlandırmanın yaxşılaşdırılması;
5. ✓ Beyin mərkəzlərinin fəaliyyətinin media və sosial mediada daha çox tanıdılması
6. ✓ Qərar qəbul edənlər – beyin mərkəzləri – elm dairələri arasında kommunikasiya və əməkdaşlığın yaxşılaşırılması və uzlaşdırılması
Təəssüf ki, bu platformada təhsilə dair beyin mərkəzləri təmsil edilməyib. Niyə? Ümumiyyətlə təhsil problemlərinə, təhsil elmlərinə dair bizdə beyin mərkəzləri varmı? Yoxdur. Biz son 10 ildə bu məsələni dəfələrlə mətbuatda qaldırmışıq. Heyrət doğuran budur ki, nəinki təhsilə dair ideya formalaşdıran qurumlarımız yoxdur, hətta bu barədə heç düşünən yoxdur. İllər ərzində verilən təkliflərə məhəl verənlər də yoxdur. Halbu ki, təhsil problemlərinə dair ən güclü beyin mərkəzləri elə təhsil sistemində olmalı idi. Çünki, ölkənin intellektual potensialı əsasən ETN-nin əhatə dairəsindədir. Təəssüf ki, bu potensialdan istifadə edilmir.
Dəfələrlə hər bir universitetin nəznində təhsil tədqiqatları ilə əlaqədar beyin mərkəzlərinin yaradılması zərurətini qeyd etmişik. Belə beyin mərkəzlərinin olmaması səbəbi ilə nə bütovlükdə ölkənin təhsil sisteminin, nə də universitetlərin normal inkişaf strategiyaları yoxdur, təhsilin inkişafına dair dəyərli təkliflər hazırlanmır, təhsil proseslərinin monitorinqini apara biləcək strukturlar yoxdur. Ona görə də 20 ildir ki, təhsilimiz, universitetlərimiz bütün qlobal reytinqlərdə aşağı pillələrdədir.
https://www.youtube.com/watch?v=aqLsvRXoJIU
https://think-tanks.az/?p=1330
Dosent İlham Əhmədov