Hovuz seçərkən nələrə diqqət etməli?

Hovuz seçərkən nələrə diqqət etməli?
 

Son illər Azərbaycanda populyarlaşan idman növlərindən biri də üzgüçülükdür. Artıq sadə insanlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Həkimlər də üzgüçülüklə məşğul olmanın sağlamlıq üçün çox faydalı olduğunu deyirlər. Maraqlıdır, görəsən, hazırda bu sahədə qiymətlər necədir, hansı problemlər var?

Qiymətlər yaşdan və məşqçinin iştirakından asılı olaraq dəyişir

Qeyd edək ki, bu gün paytaxtla yanaşı, respublikanın əksər bölgələrində üzgüçülük hovuzları mövcuddur. Rəsmi məlumata görə, hazırda ölkə ərazisində 60-dan çox üzgüçülük hovuzu fəaliyyət göstərir. Bunlardan beşi olimpiya standartlarına tam cavab verir. Üzgüçülük hovuzlarında qiymətlər müştərilərin yaşından və məşqçinin iştirakından asılı olaraq dəyişir. Apardığımız araşdırmaya əsasən deyə bilərik ki, qiymətlər əhalinin bütün təbəqəsi üçün əlçatan deyil. Belə ki, bir girişin qiyməti məkandan asılı olaraq 10-25 manat arasındadır. Müştəriyə istəyinə uyğun üç formada - limitsiz, səkkiz və ya 12 giriş olmaqla aylıq hovuz paketi təklif edilir. Paytaxtın mərkəzi ərazilərinə yaxın yerləşən məkanlarda böyüklər üçün limitsiz aylıq paketlərin qiyməti 150-250 manat civarındadır. Mərkəzi hissədən kənar ərazilərdə qiymətlər 105 manatdan başlayır. Dərslərin müddəti isə məşqçi ilə 45 dəqiqə, sərbəst şəkildə bir saat nəzərdə tutulub. 6-12 yaş arası uşaqlar üçün məşqçi ilə aylıq qiymətlər 85 manatdan başlayır. 

Həkim-fizioterapevt Könül Həsənovanın sözlərinə görə, üzgüçülük insan üçün fiziki yükləmənin ən yaxşı növüdür. Həkim bildirib ki, əks göstəriciləri olmadığına görə üzgüçülüklə hər kəs məşğul ola bilər: "Üzərkən yürüş və qaçış zamanı olduğu kimi dayaq-hərəkət sisteminə yük düşür, lakin suda qravitasiya az təsir etdiyinə görə onun optimal paylaşması baş verir. Suda onurğa sütununa vertikal yükləmə düşmür. Suda hərəkət edərək müqaviməti qət etmək lazım olur. Bu prosesdə gündəlik həyatda işləməyən əzələlər fəaliyyət göstərir. Üzmə zamanı əlavə olaraq avtoxron əzələlər işləməyə başlayır. Məhz bu əzələlər bel sütununu şaquli vəziyyətdə saxlayır. Beldə və qamətdə problem olduğuna görə bu əzələlər çox vaxt pis inkişaf edir”.

K.Həsənova deyib ki, hovuzda məşqlər zamanı hərəkət tənzimlənməsi yaxşılaşır, skelet möhkəmlənir, qamət düzəlir. Qan dövranı, ağciyərlərin fəaliyyəti yaxşılaşır, əzələ tonusu möhkəmlənir. 

Həkim onu da vurğulayıb ki, su hovuzunda məşqə başlayan uşaqlar fiziki cəhətdən tez inkişaf edir, onların immun sistemi möhkəm olur. Eyni zamanda, onların maddələr mübadiləsi yaxşı işləyir, dayaq-hərəkət aparatı ilə problemləri olmur: "Müalicəvi üzgüçülük bütün uşaqlar üçün xeyirlidir. Həkimin icazəsi ilə sağlamlığında problem olan uşaqlar üzgüçülüklə məşğul ola bilərlər. Bu idman növü nevroloji problemlərin aradan qaldırılmasına, dayaq-hərəkət sistemində nasazlıq olan uşaqların sağalmasına kömək edir”.

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə isə deyib ki, bir zamanlar bu sahədə ən böyük problem hovuzların sayının azlığı idi: "Amma bu gün demək olar ki, bütün bölgələrdə, böyük şəhərlərdə üzgüçülük hovuzları və seksiyaları fəaliyyət göstərir. Hazırda 49 Olimpiya İdman kompleksi fəaliyyətdədir. Onların əksəriyyətində üzgüçülüklə peşəkar məşğul olmaq üçün imkanlar yaradılır. Bakı Su İdman Sarayı və Gəncə İdman Sarayı bunun bariz nümunələrindəndir. Apreldə dövlət başçısının açılışını etdiyi Gəncə İdman Sarayında "World Aquatics”in bütün beynəlxalq tələblərinə cavab verən su hovuzu istifadəyə verildi. Federasiya tərəfindən sözügedən üzgüçülük seksiyalarında dərslər keçən məşqçilər üçün mütəmadi seminarlar təşkil olunub və bundan sonra da təşkil olunması nəzərdə tutulub ki, bu da onların kvalifikasiyalarının yüksəlməsinə xidmət edir”. 

Federasiya rəsmisinin sözlərinə görə, bu gün ən vacib məsələ əhalinin üzgüçülüyə olan marağının kütləvi şəkildə təmin olunmasıdır: "Təbii ki, ötən beş il ilə müqayisə etsək hazırda bu istiqamətdə vəziyyət xeyli dəyişib. Artıq regionlarda vətəndaşlarımız su hovuzlarına gəlir və üzgüçülüyün sirlərinə yiyələnmək üçün peşəkar məşqçilərdən dərslər alır, sağlamlıqlarını bu idman növü ilə gücləndirirlər. Lakin hazırda ölkəmizdə üzgüçülük üçün yaradılan münbit şəraitin müqabilində su idman növlərinə maraq bizi qane edəcək qədər deyil. Məhz bu vəziyyəti yaxşıya doğru dəyişmək üçün federasiya olaraq Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra kütləvi xarakter daşıyan layihələr icra edirik. 

Mütəxəssis bildirib ki, qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburi xarakter daşıyır və ayrıca fənn kimi tədris olunur: "İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı, azyaşlılarda möhkəm iradənin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə, üzgüçülük əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su fobiyasını aradan qaldırır. Alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Mütəxəssislər artıq iki aylığından etibarən körpəni suya alışdırmağı məsləhət görürlər. Nə ac, nə də tox vəziyyətdə suya girmək tövsiyə olunmur. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir. Hovuzda suyun temperaturu 27 dərəcə civarında olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, altı yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya bir saat məşq etmək tövsiyə edilir”.

T.Abdullazadənin sözlərinə görə, üzgüçülük məşqlərinə yazılmaq istəyənlər seçdikləri məkanla bağlı bir sıra məqamlara diqqət yetirməlidirlər. Ən əsas amil hovuzun, daxilindəki suyun və onun ətraf mühitinin sanitar-gigiyenik tələblərə cavab verməsidir. Əlavə olaraq məkanda və soyunub-geyinmə otaqlarında havanın temperaturu lazımi dərəcədə olmalıdır.("Kaspi" qəzeti)

 

0.018844842910767