Abdin Fərzəliyev “Qurtuluş-93”-ün sahibi Hacı Məhərrəm Novruzovdan niyə çəkinir?
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və ağacların yerində inşaat işinin aparılması barədə mediada vaxtaşırı məlumat verilib.
Məlumata görə, İstiqlaliyyət küçəsindəki yaşıllıq ərazidə yerləşən ağacların bir qismi artıq kəsilib və yerində yeni obyekt tikilməsi üçün dəmir dirəklər basdırılıb.
Mayın 27-də Yeniavaz.com-da dərc olunan xəbərdə Abşeron Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlamasında qeyd olunub ki, sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb. “Söküntü işləri gedir”, – deyə həmin tarixdə İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada qeyd olunub.
Sözügedən ərazidə yaşayan sakinlərin dediklərinə görə, nəinki daha əvvəl quraşdırılan dəmir dirəklər sökülməyib, hətta obyektin tikintisi daha da sürətlənib. Sakinlər sözügedən ərazidən lentə aldıqları fotoları da redaksiyamıza göndəriblər.
Kadrlarda tikintinin davam etdiyi açıq-aydın görünür. Ərazidən yenicə çəkilmiş fotoları təqdim edirik:
Məsələ ilə bağlı yenidən Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Seymur Qasımbəyli bildirdi ki, sözügedən əraziyə iyunun 19-u səhər saatlarında baxış keçirilib və qeyri-qanuni tikinti dayandırılıb: “Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib”.
Abşeron rayonu ərazisində daşı daşı üstə qoymağa imkan verməyən, hətta hazır tikililəri belə asanlıqla sökdürən icra hakimiyyətinin belə ikili mövqeyi təəccüb doğurur. Belə çıxır ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev “Qurtuluş-93”-ün sahibi Hacı Məhərrəm Novruzovdan çəkinir.
Məlumat üçün bildirək ki, Hacı Məhərrəm Novruzov “Bağçalı Evlər” MTK-nın da sahibidir. Bu şirkət Abşeron rayonunun Masazır ərazısində “Qurtuluş-93” adı ilə məşhur yaşayış kompleksini tikib. Hazırda da yeni binaların tikildiyi bu yaşayış kompleksinin tikintisində və sakinlərə istifadəyə verilməsi ilə əlaqədar bir çox problemlərin olduğu iddialarə var.
Bu iddialardan bəzilərini cumhuriyyet.az diqqətə çatdırır ki, tikilmiş ərazidə pulun tam ödəməsinə baxmayaraq, yüzlərlə sakin hələ də tam əmlak sahibi hüququnu təsdiq edən "çıxarış"a malik deyillər. Yəni burda alınan mənzillər "havadan asılı" qalıb və sakinlərə sənəd verilmir.
Eyni zamanda uzun illər tikinti şirkətinin söz verilməsinə baxmayaraq, heç bir bina qazlaşdırılmayıb. Bildiririk ki, Hacı Məhərrəm Novruzovun biznesi yalnız mənzil tikintisilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə damcı üsulu ilə suvarılan tərəvəz yetişdirən istixana fəaliyyət göstərir.
Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin sahibi Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən "My Beach" çimərliyində yaşanan dərəbəylik və soyğunçuluq haqda sil-silər eportajlar dərc edib.
Cumhuriyyet.az həmin məlumatlara istinadən qeyd edir ki, çimərlik kompleksilə yanaşı, ərazi həm də restorana aiddir. "My Beach" restoranında baş verən soyğunçulq çimərlikdə də davam edir. iş adamı bəzi tənələr və tənqidlərdən yaxa qurtarmaq üçün "My Beach"-i türklərə icarə verdiyi barədə şayiə yaysa da, hər gün kompleksdən özü üçün ayrılan hamamlı-divanlı kotecdə əyləşir. Deyilənlərə görə, Hacı Məhərrəm Novruzovun yaxın zamanlarda ciddi problemlərlə üzləşəcəyi qaçılmazdır.
Cumhuriyyet.az-a bilgi verən mənbənin məlumatına görə, “Qurtuluş-93”-də yaşayan sakinlər həm hüquqi baxımdan aldanmaları, həm də qazın olmaması ilə bağlı artıq sakit dayanmaq fikrində deyillər:
“Sakinlər aldıqları mənzillərdə qaz və digər problemlərin həlli ilə bağlı artıq etiraz aksiyası keçirməyə hazırlaşırlar”. Ərazidə minlərlə insan yaşadığını nəzərə alsaq, onda bu aksiyanın ölkədə ciddi rezonans doğuracağı və bu aksiyaya səbəb olanların ağır cəzalanacağı qaçılmaz olacaq.
Yeri gəlmişkən, cəza qərarı öz yerində, “Qurtuluş-93” adı daşıyan ərazidə Ümummilli lider Heydər Əliyevin adını əbədiləşdirən bir plakatın olmaması belə və kompleksin tikilişində yol verilən ağılasığmaz böyük maxinasiyalar durumu daha da dramatikləşdirəcəyi ehtimalı çoxdur. (Cumhiriyyət.az)
Paralel.az