Ermənistanla Azərbaycan arasında əslində nə baş verir? – Paşinyanla XİN arasında kəskin ziddiyyət yaranıb

Ermənistanla Azərbaycan arasında əslində nə baş verir? – Paşinyanla XİN arasında kəskin ziddiyyət yaranıb
 

Ermənistanın Fransadan “Sezar” özüyeriyən haubitsalarının alınmasından sonra ölkədə narahatlıq başlayıb.

Paralel.az Globalinfo.az-a istinadla xəbər verir ki, narahatlıq xüsusilə Azərbaycan Xarici İşlər Nazirliyi və Ermənistan Xarici İşlər Nazirliyinin qarşılıqlı bəyanatları fonunda yüksəlib.

Bundan sonra Bakı yaydığı bəyanatda Ermənistan və Fransanın yeni müharibəyə başlamaqda ittiham edib. Ermənistan tərəfi isə öz növbəsində Azərbaycanı Ermənistana qarşı müharibə planının olmasında ittiham edib.

Bununla belə yaranmış şəraitdən daha çox müxalif qüvvələr istifadə etməyə başlayıblar. Müxalifət özəlliklə Paşinyan administrasiyasının Azərbaycanla apardığı sülh prosesini zərərli olduğunu təbliğ etməyə start verib. “Hraparak” qəzetinə danışan Ermənistanın keçmiş səfiri Vaqan Məlikyan Paşinyan hakimiyyətinin yürütdüyü xarici siyasəti “cahillik” adlandırıb. O guya Azərbaycanın əməliyyatlara başlamaq üçün hazırda 44 günlük müharibədən öncəki şəraiti yaratmağa çalışdığını iddia edib:

“Hökumətin Bakının qarşısını daimi güzəştlərlə kəsmək siyasəti uşaq yanaşmasıdır. Siz artıq acı reallıqla üz-üzəsiniz. Belə addımlarla sülh olmayacaq, müharibə olacaq və siz yavaş-yavaş bunu qəbul edirsiniz”.

Bununla belə Azərbaycan rəsmiləri Ermənistana qarşı müharibə planının olmasını qətiyyətlə rədd edirlər. Rəsmi Bakı bütün səviyyələrdə nə Zəngəzur, nə də Ermənistanın başqa bölgəsinə hücum etmək niyyətinin olmadığını bildirib. Ermənistandan indiki dönəmdə tələb edilən əsas məsələ isə konstitusiyasındakı Azərbaycana ərazi iddiasını dəyişməsidir. Yaranmış gərginliyə baxmayaraq, həm Əliyev, həm də Paşinyan administrasiyası sülh prosesində inkişafın olduğunu da etiraf ediblər. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu ayın əvvəlində Ermənistandan sülh müqaviləsinin mətni ilə bağlı aldıqları layihədə müsbətə doğru bir sıra dəyişikliklərin olduğunu dilə gətirib. Bakıdan hələlik Ermənistana sülh müqaviləsinin yenilənmiş mətni göndərilməyib.

Təkcə Bakı yox, müstəqil beynəlxalq ekspertlər də Azərbaycanla Ermənistan arasındakı hazırkı fikir ayrılığının müharibəyə səbəb olmayacağını düşünürlər. Azadlıq Radiosunun erməni xidmətinə danışan Beynəlxalq Böhran Qrupunun eksperti Olesyan Vartanyan Bakının son bəyanatlarının Yerevandan çox, Parislə bağlı olduğunu deyib.

Lakin Ermənistan müxalifətinə yaxın olan “Xenaket” analitik Mərkəzinin rəhbəri Vitali Manqasaryan başqa fikirdədir. O deyir ki, Azərbaycanın müharibəyə hazırlaşdığını deyən Ermənistan hökuməti niyə Tavuş istiqamətindəki bütün müdafiə imkanlarını ləğv edib:

“Ermənistan bu prosesdən xeyirli heç nə götürmədi. Nikol Paşinyan risklərin azalacağını deyirdi, amma XİN faktiki olaraq deyir ki, risklər azalmayıb”.Lakin Ermənistan baş naziri Nikol Paşinyan iki gün öncə XİN-in açıqlamasına zidd olaraq, tamam başqa şeylər danışıb. Zəngəzurda əhali qarşısına çıxan Paşinyan ermənilərə deyib ki, Ermənistan əsl Ermənistanı dərk etməli və qonşuları ilə düşmənçilikdən imtina etməlidir. O həmçinin yaşananlar fonunda Ermənistandan hansısa başqa tərəfə qarşı istifadə edilməsinə son qoyulması gərəkdiyini, əks təqdirdə ölkənin yox olacağını etiraf edib.

Qeyd edək ki, Ermənistan tərəfi ziddiyyətli bəyanatları ilk dəfə səsləndirmir. Bəzi ekspertlər bildirirlər ki, Yerevanı belə addıma daha çox sülh prosesi dönəmində hökuməti siğortalamaq istəyi vadar edir. Bununla da Paşinyan hökuməti özünə qarşı olan zərbələri başqa açıqlamalarla dəf etməyə çalışır, amma əvəzində ictimaiyyətə təsir və onun düşüncəsini dəyişmək üçün əsaslı rıçaqlar əldə edir.

Əliyar Xəlil

0.048310041427612