Bakıda “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakıda “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfrans keçirilib
 

İyunun 10-da Bakıda “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli konfransın mövzusunun aktuallığını vurğulayıb. Bildirib ki, elm və dinin münasibətləri barədə həmişə debatlar olub, bu münasibətlər barədə söhbət elə elmi və dini düşüncənin özünün tarixi qədər qədimdir. Hətta belə bir söhbətin zəruriliyi və ya adekvat olması bəzən şübhə altına alınır. Amma biz yeni yanaşmaların tapılması cəhdindən heç vaxt əl çəkməməliyik, çünki reallıqlar dəyişir, inkişaf baş verir və bizim də anlayışımız artır.

“Bu, bizim həyatımızdır, bəşəriyyətin vəziyyətidir və uşaqlara hansı dünyanı buraxacağımız məsələsidir. Sülh barədə düşünmək və əməli iş görmək üçün biz biliyi iki sistemdən – elmdən və dindən alırıq. Biri təbiətin sirlərini açır, digəri isə həyatda istiqamət tutmağa və məna axtarmağa kömək edir. Amma hər ikisi insanın rifahına xidmət edir”, - deyə Ramazan Əsgərli diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu gün Azərbaycanda dinlərarası harmoniyanın ən yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, bu, dünyada analoqu olmayan ən yüksək formadadır. Ölkəmiz buna bir günə nail olmayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qarabağ müharibəsi zamanı da biz bu harmoniyanın hansı səviyyədə olduğunu gördük. Biz bu harmoniyanı dünyaya ixrac etməliyik.

“Deyirlər ki, sivilizasiyaların toqquşması labüddür. Necə edə bilərik ki, sivilizasiyalar toqquşmasın, qovuşsun, təkamül, inkişaf üçün bir-birinə dəstək versin. Biz xəstə dünyamızın sağalması üçün yol xəritəsinin müəyyənləşdirilməsinə çalışmalıyıq”, - deyə komitə sədrinin müavini vurğulayıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu din və elm arasındakı fərqlərdən, sülhə gedən yoldan danışıb. Qeyd edib ki, sülh formulunu axtaran zaman onun paradiqmalarını müəyyənləşdirməliyik. O, eyni zamanda, bu istiqamətdə cəmiyyətin hamı üçün əlçatanlığının, dözümlülüyün, tolerantlığın vacibliyini qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun kafedra müdiri Anar Qafarov və digərləri çıxışlarında tədbirin mövzusunun, din və elmin vəhdəti məsələsinin aktuallığından danışıblar. Bildirilib ki, inanc insan həyatının ayrılmaz hissəsidir. Bu inanc bəzən kortəbii formada olur. Lakin XXI əsrin insanı artıq düşünməlidir, inancını sorğulamalıdır.

Konfrans işini mövzu ətrafında müzakirələrlə davam etdirib.

 

0.014784097671509