Anar Bağırov: “Təəssüf ki, Azərbaycan xalqının humanitar hüquq normaları pozulub”

Anar Bağırov: “Təəssüf ki, Azərbaycan xalqının humanitar hüquq normaları pozulub”
 

Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu” mövzusunda seminar keçirilib.

Seminarda ARVK-nın sədri Anar Bağırov, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Ahmed Zaruq, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Vəkil Bürolarının müdirləri, vəkillər, o cümlədən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin hüquq müşaviri Jalə Əzizova və digər şəxslər iştirak edib.


Açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Sədr bəzi dövlətlər arasındakı münasibətlərdə gərginlik, silahlı münaqişə, konflikt ocaqlarının çoxalması, həmçinin, müharibələrin təşkilində və aparılmasında istifadə olunan texnikanın inkişafı müharibələrin dağıdıcılıq gücünü daha da artırdığını bildirərək, bunun da son dövrlərdə daha çox mülki əhalinin silahlı münaqişələrin qurbanlarına çevrilməsinə gətirib çıxardığını vurğulayıb.

Anar Bağırov təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan da uzun müddət münaqişəyə cəlb olunub, insanlar çox əziyyət çəkib, bu zaman humanitar hüququn normaları kobud şəkildə pozulub.

Sədr diqqətə çatdırıb ki, istər sülh dövründə, istərsə də silahlı münaqişə və ya müharibə dövründə insan hüquq və azadlıqlarının təminində, onların müdafiəsində, bu sahədə olan problemlərin ədalətli həllinə nail olunmasında fundamental dayaq rolunu oynayan müstəqil vəkillik təsisatının mühüm yeri vardır. Vəkillik institutu hüquqi dövlət quruculuğunda insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində əsas rollardan birini oynayır. Azərbaycan vəkilliyi ədalətin və insan hüquq və azadlıqlarının qoruyucularından biri kimi həbsdə olan hər bir şəxsə beynəlxalq humanitar hüququn tələb etdiyi hörmət və ədalətlə rəftarın təmin edilməsində dəstək olmalıdır.

Vəkillər Kollegiyasının bu sahədə bir sıra qurumlarla səmərəli əməkdaşlıq etdiyini söyləyən sədr BQXK-nın Azərbaycandakı nümayəndəliyini xüsusilə vurğulayıb, son illər Komitənin gördüyü işlərdən, hər iki qurum tərəfindən təşkil edilən tədbirlərdə yüzlərlə vəkilin iştirak etməsindən danışıb.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Ahmed Zaruq açılış nitqində iştirakçıları salamlayaraq, qonaqlara minnətdarlığını bildirib, seminarın ondan ötrü xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Professor Əmir Əliyev çıxışında beynəlxalq humanitar hüququn əhəmiyyətindən bəhs edib, bu sahədə beynəlxalq və milli hüququn qarşılıqlı nisbət məsələsini təhlil edib, o cümlədən fəaliyyətinə görə Komitəyə təşəkkürünü dilə gətirib.

Sonra Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova BQXK və onun fəaliyyəti barədə məlumat verib, Jalə Əzizova isə beynəlxalq humanitar hüququn saxlanılan şəxslərə münasibətdə müəyyən etdiyi öhdəliklər barədə məruzə ilə çıxış edib. Eyni zamanda, seminar iştirakçıları BQXK-nın saxlanma yerlərinin fəaliyyəti barədə də məlumatlandırılıb.

Seminarın sonunda vəkillərin sualları cavablandırılıb və iştirakçılar sertifikatlarla təltif edilib.

 

0.024025917053223