Polşa müdafiəyə rekord məbləğdə vəsait xərcləyəcək
Polşa parlamentinin Milli Müdafiə Komitəsi 47 milyard ABŞ dollarından çox məbləğdə olan 2025-ci il üçün müdafiə büdcəsi layihəsini təsdiqləyib ki, bu da ölkə ÜDM-nin 4,7 %-dən çoxunu təşkil edəcək.
“Paralel.az ” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu (Wojskowy Instytut Wydawniczy, WIW) məlumat yayıb.
“18 nəfər layihənin lehinə səs verib, 11 nəfər isə bitərəf qalıb, heç kim layihənin əleyhinə olmayıb. Bu, 2025-ci ilin büdcə layihəsinə müsbət rəy verilməsi ilə bağlı parlamentin Milli Müdafiə komitəsinin oktyabrın 17-də keçirdiyi səsvermənin nəticəsidir”, - məlumatda deyilir.
Milli müdafiə nazirinin müavini Stanislav Vzetek planlaşdırılmış xərcləri komissiya üzvlərinə təqdim edərkən nəzərdən keçirilən büdcənin rekord məbləğdə olduğunu vurğulayıb.
O xatırladıb ki, 2022 və 2023-cü illərdə müdafiəyə müvafiq olaraq 137,1 milyard zloti və 158,8 milyard zloti xərclənib. Vzentekin sözlərinə görə, gələn il üçün nəzərdə tutulan 186,6 milyard zlotıya (47,3 milyard ABŞ dolları - red.) dövlət büdcəsində nəzərdə tutulan və Silahlı Qüvvələrə Dəstək Fondunda ehtiyatda saxlanılan vəsaitlər aiddir və bütün bunlar ümumilikdə ölkə ÜDM-inin 4,7 %-ni təşkil edir.
“Bunlar Silahlı Qüvvələrin qarşısında duran vəzifələrlə bağlı əsas məqsəd və prioritetlərin həyata keçirilməsini təmin edəcək tədbirlərdir”, - nazir müavini vurğulayıb.
Qeyd edək ki, Polşanın 2024-cü il büdcəsində müdafiə xərcləri 118 milyard zloti (təxminən 29,9 milyard ABŞ dolları) məbləğində nəzərdə tutulub və bu, ÜDM-in 3,1 %-ni təşkil edir. Eyni zamanda, NATO-nun hesablamalarına görə, bu il ölkənin faktiki müdafiə xərcləri ölkə ÜDM-inin 4,12 %-ni təşkil edib.(Report)