Füzuli babamız 5 əsr əvvəl deyirdi axı: "Salam verdim, rüşvət deyildir deyə almadılar"
Füzulinin, Vaqifin, Zakirin, Sabirin, Cəlilin dövründə nə idiksə, indi də oyuq: tənbəl, hərdəmxəyal, qeybətcil, paxıl. İçimizi nifrət, ədavət, kin-küdurət, yalan, oğurluq, saxtakarlıq, əyrilik, haramzadəlik bürüyüb. Niyə düzəlmək istəmirik, bilmirəm. Əlbəttə, düzəlmək alimlərdən başlayır. Faciə odur ki, akademik içimiz, intellektimiz, ən əsası ruhumuz insanlıqdan istefa verib. Rüşvətdən, haramdan ötrü ölürük. Füzuli babamız 5 əsr əvvəl deyirdi axı: "Salam verdim, rüşvət deyildir deyə almadılar". Biçarə şair bu cahillərə başa salmağa çalışırdı ki: “Cənnəti almaq olmaz axça ilə, Girmək olmaz behiştə rüşvət ilə”.
Amma nə faydası?! XXI əsrdə texniki tərəqqinin imkanlardan yararlanıb rüşvəti müasirləşdirdik, korrupsiya səviyyəsinə çatdırdıq. Prinsipcə, burada qeyri-adi heç nə yoxdur, deyilmi?! Alış-verişdir də, edirik.
Əlbəttə, bir şey yoxdur. Sadəcə, əxlaqımız darmadağın olur, heyvanlaşır, kölələşir və sakitcə tarixin səhnəsindən silinib gedirik. Heç xəbərimiz də olmur.
İndi gəl, yazımın başında adlarını çəkdiyim korifeylərin mənsub olduğu xalqa demokratiya öyrət, görüm, necə və nə öyrədəcəksən. Yamaqdan başqa bir şey olacaqmı bu demokratiya?! Bir də ki zorla bir xalqı demokrat etmək olmaz axı, “atam balası” (Ramiz Rövşən demişkən).
Azad seçki, nə bilim, qutu-mutu. Füzulinin qəzəlinə, Vaqifin müxəmməsinə, Zakirin qoşmasına, Sabirin satirasına, Cəlilin göz yaşları içərisindəki qəhqəhinə, daha nə bilim nəyə and olsun ki, qutudan ən yaxşı halda meyxanaçı, lotu, vor, ya razborşik, ya, ya... çıxacaq. Ölkənin siması bir başqa eybəcərlik kəsb edəcək, qürubumuz tezləşəcək.
Müsair qərb anlamında demokratiyanın ciddi əks təsirlərinin olduğunu bilirdinizmi? Avropanın ayrı-ayrı xalqları üçün bu əks təsir minimumdursa, Şərq xalqlarında pikdir, çox vaxt ölümlə nəticələnir. Ona görə də, demokratiyanın tətbiqi rüşvət, nifrət və məlanət burulğanında yuva salmış şərqlilər üçün çox risklidir.
Tutaq ki, hər şeyin səs çoxluğu ilə həll olunduğu bir kollektivdə işləyirsən. Məsələn, konkret olaraq AMEA-nın Nəsimi adın Dilçilik İnstitutunda. Qurumun prezidenti İsa Həbibbəyli, direktoru Nadir Məmmədli, ətrafları isə özlərinin seçdikləri plagiatçılar, dövlət əmlakını dağıdanlar, alış-verişçi işbazlardır.
Və əməlləri başdan-ayağa dövlətçilik əleyhinə olan həmin dəstə yığıncaq keçirir və yaratdıqları şəbəkəyə boyun əymədiyin, yeyinti, saxtakarlıq, xəyanətlə məşğul olduqlarını dilə gətirdiyin üçün, qanlı pula meyl etmədiyinə görə səni mühakimə edirlər, özü də sırf demokratik şəraitdə. Səsvermə yolu ilə səni Vətən xaini elan edirlər və şulquntulaşmış dəstə yekdilliklə sənin əleyhinə səs verir.
Yeri gəlmişkən deyim ki, belə hallarla bir neçə dəfə qarşılaşmışam. Məsələn, 2018-ci ilin fevral ayında Möhsün Nağısoylunun rəhbərliyi ilə (hətta elmi şuraya aidiyyəti olmayan qoçu gətirmişdilər), yaxud 2022-ci ilin yanvar ayında Ramiz Mehdiyev və İsa Həbibbəylinin tapşırığı əsasında yeni direktor Nadir Məmmədli tərəfindən həyata keçirilmişdir.
Təsəvvür edin, bu qədər əyri işlərin yiyələri bu qədər pulu və bu qədər qoçuluq cəsarətini haradan alırlar?! Özü də başqalarına yox e, özlərinə qarşı, mənsub olduqları xalqa qarşı! Ciddi araşdırma mövzusudr.
7-ci babasından rüşvətə səcdə edən akademik mühitdə demokratiyanın doğrulara xidmət edəcəyinə kim zəmanət verə bilər?! Real şəraitdə bu zəmanətə inanmaq İsfahan lotusunun ölü diriltməsinə inamaq qədər absurddur.
Xalq maariflənib düzəlməyincə, nəfsinə qalib gəlib mədəni insan kimi yaşamağı zərurətə çevirməyincə zorla soxuşdurulan demokratiya nəinki müsbətə doğru addım olmayacaq, hətta bir xalq kimi bəla və müsibətlərimizi ikiqat artıracaq.
Adolf Hitler də hakimiyyətə məhz demokratik yolla, səs çoxluğu ilə gəlmişdir...
Professor İdris Abbasov
Paralel.az