Bankların investisiya xidməti göstərməsi qaydası təsdiq edildi

Bankların investisiya xidməti göstərməsi qaydası təsdiq edildi
 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra həmin qayda banklara da aid ediləcək, “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” adlanacaq.

Banklar investisiya xidmətlərini bu məqsədlə yaradılmış bölmə vasitəsilə həyata keçirilməli, bu xidmətləri göstərən bank əməkdaşları ixtisas şəhadətnaməsinə, rəhbər şəxs isə investisiya xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsinə malik olmalı, kredit təşkilatları isə müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.

Anderrayter qiymətli kağızlar yerləşdirərkən mövcud və yaxud mümkün risklər barədə təhlil aparılmalı və investorlara yazılı məlumat verilməlidir.

Bundan başqa, həm investisiya şirkətləri, həm də banklar müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim edəcək.

İnvestisiya xidmətləri ilə bağlı müqavilə imzalanarkən həm fiziki, həm də hüquqi şəxslərdən digər sənədlərlə yanaşı bank rekvizitləri, eləcə də fiziki şəxslərdən fərdi identifikasiya nömrəsi tələb ediləcək.

Həmçinin investisiya şirkətləri və banklar müştəriyə investisiya xidmətləri göstərməmişdən əvvəl uyğunluq tədbirləri həyata keçirəcək.

İnvestisiya şirkətləri və banklar müştəri hesablarının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün müraciət edən şəxsdən məlumatları, imza və möhür nümunələri vərəqələrini əldə edəcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

 

0.035668849945068